İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Erməni deputatın ATƏT PA-nın sessiyasındakı separatçı çıxışı Ukrayna və Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub

Erməni deputatın ATƏT PA-nın sessiyasındakı separatçı çıxışı Ukrayna və Azərbaycan nümayəndə heyətinin kəskin etirazına səbəb olub

29.06.2014

Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri: “Utanmırsınız, Dağlıq Qarabağı işğal etməyinizə bəraət qazandırmağınız bəs deyil, Ukraynanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq tədbirdə haqq qazandırırsınız?!”

ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü sessiyası çərçivəsində Siyasi məsələlər və təhlükəsizlik komitəsinin iclasında erməni deputatlar iclasın gedişini pozaraq Krımın ilhaqını dəstəkləyib, separatçı Dağlıq Qarabağ rejiminin bu kimi tədbirlərə dəvət olunmasını tələb ediblər.

Bu isə ukraynalı və azərbaycanlı deputatlarla erməni deputatlar arasında qalmaqala səbəb olub.

APA-nın məlumatına görə, iclasda söz alan Ermənistanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri Artaşes Geqamyan iclasın gündəliyindən kənara çıxaraq, Ermənistanın Azərbaycan torpaqlarında yaradılması faktına etiraz etməyə çalışıb.

O, iclasdakıların diqqətini çəkmək məqsədilə çıxışı zamanı qışqıra-qışqıra danışmağa başlayıb: “Bizim böyük tarixçilər, o cümlədən fransız tarixçiləri burada erməni çarlığının olması faktını təsdiqləyiblər”.

Erməni deputatın tarixçilər adından danışması iclasdakı əksər nümayəndələr tərəfindən gülüşlə qarşılanıb. Ona əhəmiyyət verilmədiyini görən A. Geqamyan yenidən separatçı Dağlıq Qarabağ rejimindən söz salıb, Dağlıq Qarabağı Krımla müqayisə edərək, Azərbaycanla yanaşı, Ukraynanı da ittiham edib. O, Dağlıq Qarabağda ermənilərin öz müqəddəratını müəyyən etdiklərini bildirərək, Krımda da “Krım milləti”nin öz müqəddəratını referendum yolu ilə həll etdiklərini iddia edib.

İclasın aparıcısı, Azərbaycan Milli Məclisinin üzvü Azay Quliyev tərəfindən A. Geqamyana mövzudan kənara çıxmamaq, separatçı təbliğat aparmamaq barədə xəbərdarlıq edilib, ona çıxış üçün ayrılmış vaxtından gündəliyə uyğun istifadə etməsi tövsiyə olunub.

Bundan əsəbiləşən erməni deputat səsini daha da qaldıraraq istədiyi mövzuda danışa biləcəyini bildirib. O, Dağlıq Qarabağda azərbaycanlıların ermənilər tərəfindən kütləvi qırğına məruz qalmasına görə Azərbaycan Xalq Cəbhəsini günahlandırıb. A. Geqamyan deyib ki, guya ermənilər azərbaycanlıların çıxması üçün “sülh koridoru” yaratsa da, AXC əhalinin bu koridordan istifadə etməsinə imkan verməyib.  

Erməni deputatın mövzudan tamam kənarlaşaraq tarixi öz istədiyi kimi saxtalaşdırması iclas iştirakçılarının, təşkilatçıların narazılığına səbəb olub. Bunu görən erməni deputat çıxışını yekunlaşdırıb.

Onun ardınca söz alan Ukraynanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Oleq Zarubunski sessiya rəhbərliyinə erməni nümayəndə heyətindən şikayət edib, onları siyasi etikaya riayət etməyə çağırıb: “İki gündür, burada erməni nümayəndə heyəti iki beynəlxalq prinsipi: xalqların öz müqəddəratını müəyyən etməsi və ərazi bütövlüyü məsələsini qəsdən qarışdıraraq bir-birinə qarşı qoyur, bununla da beynəlxalq missiyanı çaşbaş salmağa çalışır. Cənab Geqamyan, siz doğurdanmı anlamırsınız ki, “Krım milləti deyilən millət yoxdur. Orada Krım tatarları və digər etnik xalqlar var ki, Ukraynanın daxilində muxtar respublika kimi yaşayırlar. İndi Ukraynanın bu ərazisi işğal olunub, necə ki, siz Dağlıq Qarabağı işğal etmisiniz. Utanmırsınız, öz işğalınıza bəraət qazandırmağınız bəs deyil, Ukraynanın ərazi bütövlüyünün pozulmasına da beynəlxalq tədbirdə haqq qazandırırsınız?! Mən xahiş edirəm, burada beynəlxalq prinsiplərə bu qədər təcavüz olunmasın, məsələləri bir birinə qarışdırmayın”.

Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova isə diqqəti A. Geqamyanı öz çıxışında səsləndirdiyi fakta yönəldib: “Siz deyirsiniz ki, o vaxt ermənilər azərbaycanlıların çıxması üçün “sülh koridoru” yaratmışdı. Erməni separatçılarına kim ixtiyar vermişdi ki, azərbaycanlılara öz torpaqlarından çıxması üçün koridor yaratsın? Siz utanmadınız, işğalınızı bu şəkildə etiraf edərək əməllərinizə haqq qazandırırsınız?”

B.Muradova sessiya iştirakçılarının diqqətinə çatdırıb ki, 22 ildən artıqdır mövcud olan Dağlıq Qarabağ məsələsi məhz qeyri-qanuni keçirilən referendumun və bir neçə dəfə qeyri-qanuni keçirilən parlament və prezident seçkiləri nəticəsində mövcuddur: “Erməni deputat Dağlıq Qarabağı özünü ifadə etmiş bir dövlət kimi qələmə verməyə çalışır, hətta onun haqqında gülməli bir ifadə işlədərək onun demokratikliyi barədə danışır. Dağlıq Qarabağa səfər edən xarici həmkarlarımız bu regionun hansı vəziyyətdə olduğunu, oradakı bir qrup kasıb, aşağı səviyyədə yaşayan, bütün imkanlardan məhrum əhalinin hansı vəziyyətə olduğunu görür. Dağlıq Qarabağ xalqı deyilən bir şey yoxdur, orada yalnız etnik ermənilər yaşayır, Azərbaycan vətəndaşları və biz onların bugünkü durumu üçün çox narahatlıq keçiririk. Çünki bu insanlar "Böyük Ermənistan" ideyasının girovuna çevriliblər".

B.Muradova qeyd edib ki, ermənilər Dağlıq Qarabağ haqqında həqiqətləri eşitmək istəmirlər. O vurğulayıb ki, İrəvan tarixi Azərbaycan torpağıdır: "Mən bir də təkrarlayıram, 1918-ci ildə Şərqdə yaradılan ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ilk dekreti qonşu dövlətlərin göstərdikləri təzyiqlər nəticəsində məhz İrəvanın ermənilərə bağışlanması olub və biz bu qərarı öz cümhuriyyətimizə bağışlamırıq. Biz Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik”.

Daha sonra təşkilatçılar A. Geqamyan və digər erməni deputatı sessiyanın nizamnaməsi barədə təlimatlandırıblar. Nizam-intizam qaydalarını pozduqları onların diqqətinə çatdırılıb, bir daha belə hallara yol verməmələri barədə xəbərdarlıq olunub.