İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Gözlənilən oldu: İrəvanda ən böyük didişmə başlandı

Gözlənilən oldu: İrəvanda ən böyük didişmə başlandı

02.06.2016

Dağlıq Qarabağdakı "dördgünlük" müharibənin nəticələri bizim üçün çox ağır oldu. Əslində, bu, gözləniləndi. Bizdən fərqli olaraq Azərbaycan illərdən bəri ordusunu möhkəmləndirir, müdafiə xərclərini artırır, mövqelərində irəliləyir. Biz isə yerimizdə sayırıq.

Ermənistanın sabiq prezidenti Robert Köçəryan İrəvandakı "168 Jam" qəzetinə verdiyi müsahibəsində belə deyib. Erməni mediası və ekspertlər bu müsahibəni R.Köçəryanın indiki prezident Serj Sarkisyana faktiki olaraq "savaş elanı" sayır. R.Köçəryan hələ ötən ilin ortalarında böyük siyasətə qatılacağını, prezident seçkilərində iştirak edəcəyini demişdi. Bu müsahibə həmin qayıdışın real olduğunu təsdiqləyən məqam sayılır.

Milli.Az müsahibəni qısa ixtisarlarla təqdim edir:

- Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də nələr baş verdiyi, itkilərimizin dəqiq həcmi və sayı ilə bağlı hakimiyyət dairələri, əfsuslar olsun ki, hələ də normal açıqlama verməyiblər. Nə baş verdiyini hələ də dəqiq bilmirik. Bir müddət sonra məmurlar, nazirlər və rəsmi şəxslər qismən obyektiv məlumatlar verməyə başladılar, amma az sonra yenə hər şey təbliğata çevrildi. Və həmişə olduğu kimi, belə şəraitdə şayiələr, iddialar çoxaldı. "Dördgünlük müharibə"də hərbi və siyasi baxımdan nə baş verib? Nəticələri Ermənistan üçün fəlakətli hesab edirsinizmi? Qalib gəldik, ya məğlub olduq?

- Konkret, dəqiq məlumatın olmaması həmişə neqativ məzmunlu şayiələr yaradır. O hadisələrdə baş verənləri gizlətmək mümkün deyil. Lap istəsələr də, alınmayacaq. "Dördgünlük müharibə" gözləniləndi, olmalı idi. Sonra da hərbi əməliyyatlar dayandırıldı, Azərbaycan bir sıra mövqeləri ələ keçirdi.

Bu hadisəni qələbə və ya məğlubiyyət kimi dəyərləndirmək istəmirəm. Azərbaycan mövqelərmizi ələ keçirdi, lakin bütün bunlar strateji məsələlərin həlli deyil. "Dördgünlük müharibə"nin nəticələrindən asılı olmayaraq bu qədər itkilər olmamalıydı. Buna yol verilməməli idi. Ona görə də hansısa mənəvi qələbədən danışmağa dəyməz. 

Eyni zamanda məlum oldu ki, Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli yoxdur. Ona görə də "dördgünlük müharibə" münaqişənin dinc yolla nizamlanmasına yönəlmiş danışıqlar prosesini donmuş vəziyyətdən çıxardı.

- Yeni müharibəyə hazırlaşmaq gərəkdir? Baş verənlərdə günahkar kimdir? Məsələn, müasir silah və texnika ilə təminat baxımından Azərbaycandan xeyli geri qalmağımızda müqəssir kimdir?

- Hərbi əməliyyatlar çox qısa oldu, amma bərpa üçün xeyli vaxt lazım olacaq. İndi əsas məsələ Azərbaycanın müharibəyə nə dərəcədə hazır olması, Bakının uzunmüddətli savaşa hazırlıq səviyyəsidir. 
Silah və hərbi texnika baxımından Azərbaycanın bizdən üstün olmasını mən də bilirdim. Lakin Ermənistanın indiki hakimiyyəti bu üstünlüklə cəbhədə üzləşdi. Ən pisi də odur ki, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olsaq da, elə Rusiya istehsalı olan silah və hərbi texnika təminatı baxımından Azərbaycana uduzuruq. 

Erməni cəmiyyətinin narazılığını, pərişanlığını başa düşürəm. Hamı düşünürdü ki, Rusiya ilə hərbi ittifaq, müttəfiqlik ən azı Azərbaycanla hərbi balansı təmin edəcək. 

Sən demə, hər şey daha pismiş. Dağlıq Qarabağda hərbi münaqişənin eskalasiyası, güclənməsi Rusiyanın maraqlarına cavab vermir, çünki Moskvanı Ermənistanla Azərbaycan arasında hərbi baxımdan seçim etməyə vadar edir. Bu isə Rusiyanın vasitəçi, Minsk qrupunda həmsədr ölkə kimi Ermənistan və Azərbaycanla münasibətlərini inkişaf etdirməsinə mane olur.
İndi əsas məsələ "dördgünlük müharibə"nin nəticələrinin təkrarlanmamasına çalışmaqdır. Ermənistan hakimiyyəti Rusiyanın Azərbaycana silah və hərbi texnika satışlarının həcminin azaldılmasına nail olmalıdır. Hakimiyyət buna necə nail olacaq, problemi necə həll edəcək - zaman göstərəcək. Ona görə də şərh etmək, qiymətləndirmək istəməzdim.

Hər şeyi açıq deməyin vaxtı çatıb. "Dördgünlük müharibə" göstərdi ki, Ermənistan ordusunun hazırlıq səviyyəsi, təminatı yetərli deyil. Məsələn, Azərbaycandan fərqli olaraq, ordumuzda gecəgörmə cihazları, müasir rabitə və fərdi müdafiə vasitələri azdır. Döyüşlər zamanı komandir əsgərlərlə, mövqelərlə mobil telefon vasitəsilə əlaqə saxlayırsa, bu, anormallıqdır. Əsgərlərimiz üçün zirehli jiletlər belə, çatışmır. Belə problemlər ən qısa müddətdə aradan qaldırılmalıdır.

Fəqət hər şey dövlət səviyyəsində olmalıdır - Dağlıq Qarabağdakı hadisələrin ilkin dövründə olduğu kimi, "xalqın yardımları" səviyyəsində yox. Könüllülərin cəbhə bölgəsinə axını məqsədəuyğun deyil. Hərb işi ilə peşəkarlar məşğul olmalıdır. Əks təqdirdə uğur əldə etmək çətin olacaq.

- Uzun müddət susdunuz. "Dördgünlük müharibə"dən yalnız bir ay sonra Dağlıq Qarabağa getdiniz. Üstəlik, Ermənistan prezidenti ilə görüşmək istəmədiniz. Bunun səbəbi nədir? Axı heç olmasa, məsləhətlərinizlə yardım edə bilərdiniz.

- Vəziyyət kritik olduğu üçün tələsik dəyərəndirmələr etmək, əsassız danışmaq istəmədim. Susmağım da bununla bağlı idi. Şüarlarla danışmaq istəmirəm - bunu məndən yaxşı bacaranlar var. Ermənistan prezidenti ilə görüşə gəldikdə isə... Bilirsiniz, hakimiyyətin təbliğat maşınının var gücü ilə işlədiyi dövrdə belə görüşün xeyir, yoxsa zərər olması mübahisəli məsələdir. Dağlıq Qarabağla isə daim əlaqədə idim. 
Müharibə davam etsəydi, mütləq Dağlıq Qarabağa yollanacaqdım. Özü də videokameralarsız, orada "selfi" çəkdirməmək şərtilə.

- MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi Birliyi kimi təşkilatlara üzv olsaq da, bu qurumlarda təmsil olunmuş, yəni bizə rəsmən müttəfiq sayılan Qazaxıstan və Belarus birmənalı şəkildə Azərbaycanı dəstəkləyirlər.

- Sadaladığınız təşkilatlara xilaskar kimi baxmamalıyıq. Ümumiyyətlə, həmin təşkilatlarla bağlı Ermənistanda əsassız, çox yüksək gözləntilər var. O təşkilatlar assimetrik qurumlardır və əsasını da Rusiyanın hərbi, siyasi və iqtisadi maraqları təşkil edir. Orada universal maraqlar yoxdur. Ona görə də adlarını çəkdiyiniz təşkilatlara üzv olmağımızın, məsələn, Qazaxıstanın Türkiyə və ya Azərbaycanla münasibətlərinə hansısa şəkildə təsir edəcəyini düşünməyin.

- Ermənistanın baş naziri Ovik Abramyan korrupsiyaya, süni inhisarlara, rüşvətxorluğa mübarizə elan etdi, məmurların sayının azaldılacağını dedi. Sizcə, hakimiyyətin uğur şansı varmı?

- Baş nazirin indi elan, yaxud bəyan etdiyi, başlamaq istədiyi kampaniya, əslində, hökumətin gündəlik işi olmalıdır. Korrupsiyanı, süni inhisarları, məmur özbaşınalığını Ermənistan prezidenti, baş nazir indi gördülər?!  Hakimiyyəti rüşvətxorluq içdən gəmirir. Sadəcə, insanlara qulaq asmaq lazımdır. Vətəndaşlarımız isə - əfsuslar olsun ki, belədir - hakimiyyətə inanmırlar. Şüarlar, bəlağətli çıxışlar yox, iş gərəkdir.