İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Almaniya uydurma “erməni soyqırımı”nı tanıyıb

Almaniya uydurma “erməni soyqırımı”nı tanıyıb

03.06.2016

Almaniya Bundestaqı uydurma “erməni soyqırımı”nın tanınmasının nəzərdə tutan qətnamə layihəsini qəbul edib.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, “101 il əvvəl Osmanlı imperiyasındakı erməni və digər xristian azlıqlara tətbiq edilən soyqırımın xatırlanması və anılması” adlanan qətnamə layihəsinin təşəbbüskarları iqtidardakı xristian birlik partiyaları (CDU/CSU) və müxalifətdəki Yaşıllar Partiyası olub. Layihənin əleyhinə 1 nəfər səs verib, daha 1 parlament üzvü isə bitərəf qalıb.

İclas Bakı vaxtı ilə saat 13.25-də Bundestaqın sədri Norbert Lammertin çıxışı ilə başlayıb. 1915-ci il hadisələrini soyqırım adlandıran N. Lammert o vaxtkı Almaniya İmperiyasının cinayətin iştirakçısı olduğunu bildirib: “Yüz il öncə baş verənlərə görə bugünkü Türkiyə məsuliyyət daşımır. Amma gələcək üçün məsuliyyət daşıyır”.  

Sosial Demokrat Partiyasının xarici siyasət üzrə sözçüsü Rolf Mützenich deyib ki, qırğınların müharibə zamanı baş verməsi bunun soyqırım olmadığı mənasına gəlmir. O da Almaniyanın cinayətin iştirakçısı olduğunu vurğulayıb. Yaşıllar Partiyasının həmsədri, türk əsilli Cem Özdəmir də layihənin qəbuluna tərəfdar olduğunu söyləyib.

Çıxışlar 1 saat 15 dəqiqə davam edib. Baş nazir Angela Merkel, baş nazirin müavini Sigmar Qabriel və xarici işlər naziri Frank-Valter Ştaynmayer başqa proqramları olduğu səbəbilə səsverməyə qatılmayıblar. Toplantını Türkiyənin Berlindəki səfirliyinin nümayəndəsi Gül Özgə Kaya da izləyib. İştirakçılar arasında Almaniyadakı erməni icmasının təmsilçiləri və erməni din adamları da olub.

Qətnamədə bildirilir ki, Almaniya parlamenti Osmanlı İmperiyasında erməni və digər xristian azlıqlara qarşı 100 il öncə başlayan məcburi köçürülmə və qətliamın qurbanlarının xatirəsi önündə hörmətli əyilir: “O dövrün “gənc türklər” rejiminin təlimatı ilə 24 aprel 1915-ci ildə Osmanlı Konstantinopolisində 1 milyondan artıq etnik erməninin sistematik köçürülməsi və qətli başladı. Onların taleyi XX əsrdə yaşanan qorxunc kütləvi qətllərin, etnik təmizliklərin, köçürülmələrin və hətta soyqırımların bir örnəyidir”.

Mətndə Osmanlının müttəfiqi Alman İmperiyasının yaşanan hadisələrdəki rolu “utan verici” olaraq qiymətləndirilir, bildirilir ki, Almaniya diplomatik nümayəndəliklərinin və missionerlərin xəbərdarlıqlarına baxmayaraq, Almaniya insanlıq əleyhinə bu cinayəti dayandırmayıb.  

Sənəddə Osmanlıda yaşayan assuriyalılar, süryanilər və keldanilər kimi xristian azlıqların da soyqırıma məruz qaldığı iddia edilir, bu mövzunun Almaniyada dərs kitablarına salınması və gələcək nəsillərə çatdırılması tövsiyə olunur. Qeyd edilir ki, bu məsələ Almaniyada yaşayan türk və erməni əsilli vətəndaşların uyğunlaşmasına kömək edəcək. Almaniya hökumətindən isə Ermənistan və Türkiyə arasındakı uzlaşma cəhdlərini təşviq etmək və dəstəkləmək tələb olunur.