İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Ermənistan işğal olunmuş ərazilərə səfər edən əcnəbilər barədə məlumatları gizlətməyə çalışır

XİN: Ermənistan işğal olunmuş ərazilərə səfər edən əcnəbilər barədə məlumatları gizlətməyə çalışır

06.06.2016

“Ermənistan tərəfindən Dağlıq Qarabağ ərazisində yaradılmış qondarma rejimin işğal olunmuş Azərbaycan ərazilərinə səfər edən əcnəbi vətəndaşların pasportlarına möhür vurulmaması ilə yanaşı, digər metodlardan da istifadə edilir”.

Bu sözləri APA-ya açıqlamasında Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev deyib. O bildirib ki, Azərbaycan Respublikası tərəfindən “arzuolunmaz şəxslər” siyahısının tətbiq olunmasından sonra Ermənistan tərəfi işğal altındakı ərazilərə gedən əcnəbilər barədə məlumatları gizlətmək üçün müxtəlif metodlara əl atır: “Əvvəllər qondarma rejim tərəfindən saxta vizaların verilməsi mexanizmi tətbiq olunurdu. Bir müddət sonra aradan qaldırıldı. Sonra işğal olunmuş ərazilərə səfər edən əcnəbilərin pasportlarına möhür vurulmağa başlandı. Bu da daha sonra aradan qaldırıldı. İndi isə işğal olunmuş ərazilərə səfər edən əcnəbilərə kiçik bir kağız parçası verilir. Hər vəchlə çalışırlar ki, həmin əcnəbilər barədə məlumatlar gizlədilsin”.

H. Hacıyev qeyd edib ki, ümumiyyətlə, “arzuolunmaz şəxslər” siyahısının tətbiq olunmasından sonrakı tendensiya onu göstərir ki, işğal altındakı ərazilərə səfər edən əcnəbilərin sayı azalıb: “Burada maarifləndirmə mexanizmi də xüsusi qeyd olunmalıdır. Diplomatik nümayəndəliklərimiz fəaliyyət göstərdikləri ölkələrdə ictimai dairələri və KİV-i məlumatlandırır. Hətta əksər ölkələrin Xarici İşlər nazirlikləri Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərdən çəkinmək barədə öz vətəndaşlarına müraciət edirlər".

XİN-in mətbuat katibi onu da əlavə edib ki, qoşunların təmas xəttində 2 aprel tarixində yaranmış gərginlikdən sonra Avropadakı erməni lobbi təşkilatları və Ermənistan tərəfindən xarici KİV nümayəndələrinin müxtəlif adlarla işğal altındakı ərazilərə səfərlərinin təşkil edilməsi kimi cəhdlər özünü göstərir: “Burada əsas məqsəd məhz 2 aprel tarixində baş vermiş gərginliyə görə Ermənistanın məsuliyyətini gizlətmək və beynəlxalq ictimai çaşqınlıq yaratmaqdan ibarətdir. Amma burada bir pozitiv dinamikanı qeyd edə bilərik ki, bir sıra beynəlxalq kütləvi informasiya vasitələri Azərbaycan XİN tərəfindən xarici KİV nümayəndələrinə ölkə ərazisində qanuni jurnalist fəaliyyəti ilə məşğul olmağa icazə verən sənəd əsasında işğal olunmuş ərazilərimizə səfər barədə müraciət ediblər. Bu xüsusda Polşanın İctimai Televiziyasını və Ukraynanın ICTV televiziyasının çəkiliş qrupunu qeyd edə bilərik. Bundan başqa, “Aljazeera Arabic” və digər beynəlxalq media nümayəndəliklərinin müraciəti olub. İşğal olunmuş Azərbaycan ərazilərində fəaliyyət göstərmək istəyən xarici KİV nümayəndələri ilk növbədə akkreditasiya üçün müraciət etməlidirlər.”