İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: "Biz özümüzü erməni təcavüzündən qorumalı idik"

Prezident İlham Əliyev:

07.06.2016

Almaniya Kansleri Angela Merkel ilə görüşdə Azərbaycan-Almaniya ikitərəfli əlaqələrinin vacib məsələləri müzakirə olunub. Trend-in xüsusi müxbirinin məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev Federal Kanslerlə görüşdən sonra birgə mətbuat konfransında deyib.

Dövlət başçısının sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi əsas müzakirə mövzularından biri olub.

Prezident İlham Əliyev qeyd edib ki, münaqişənin həlli beynəlxalq hüquq normalarının və BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrinin yerinə yetirilməsinə əsaslanmalıdır.

Dövlət başçısı təəssüflə bildirib ki, beynəlxalq hüquq normalarının kobudcasına pozulmasına, etnik təmizləmə siyasətinə və suveren dövlətin ərazisinin təxminən 20 faizinin işğalına görə Ermənistana qarşı sanksiyalar tətbiq olunmayıb.

Azərbaycan Prezidenti deyib ki, bölgədəki son hadisələr göstərir ki, münaqişə zonasında atəşkəs rejimi qeyri-sabit, kövrəkdir, status-kvo isə qəbuledilməzdir.

Dövlət başçısı xatırladıb ki, apreldə Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başladı: "Biz özümüzü müdafiə etməli, mülki əhalimizi qorumalı idik. Erməni təcavüzü nəticəsində altı mülki şəxs öldürüldü. Status-kvo dəyişdirilməlidir".

Prezident İlham Əliyev deyib ki, A.Merkel ilə görüşdə regional təhlükəsizlik və regional əməkdaşlıq məsələləri də müzakirə olunub.

Dövlət başçısı vurğulayıb ki, daha əvvəl Azərbaycan-Almaniya biznes-forumunda iştirak edib, həmin forumda Almaniyanın xeyli sayda aparıcı şirkətləri Azərbaycanla biznes aparmağa maraqlarını ifadə etmişdilər. Forumun gedişində Almaniya nümayəndələri bildirmişdilər ki, ölkənin Cənubi Qafqaz ölkələri ilə ticarətinin 80 faizi Azərbaycanın payına düşür.

Azərbaycanın təşəbbüskarı olduğu "Cənub Qaz Dəhlizi" layihəsi barədə danışan Prezident İlham Əliyev qeyd edib ki, bu, istehsalçı ölkə kimi Azərbaycan üçün enerji resurslarının şaxələndirilməsi layihəsidir, istehlakçılar üçün isə Azərbaycandan alternativ qaz mənbəyi layihəsidir, Azərbaycan qazı tamamilə yeni nəqliyyat infrastrukturu vasitəsilə tədarük ediləcək.

Azərbaycan Prezidenti bildirib ki, enerji təhlükəsizliyi enerji resurslarının tədarükündən asılı olan ölkələrin milli təhlükəsizliyindən ayrı götürülə bilməz və bu ölkələr şaxələndirilmiş marşrutlara və tədarük mənbələrinə malik olmalıdırlar.

Dövlət başçısı deyib ki, 45 milyard dollar dəyərində olan "Cənub Qaz Dəhlizi" layihəsi vaxtında həyata keçiriləcək.

İlham Əliyev Azərbaycan və Almaniya arasında böyük əhəmiyyət kəsb edən digər əməkdaşlıq sahələrini də qeyd edib: "Mən Kanslerə Asiya və Avropa arasında etibarlı əlaqələrin yaradılması məqsədilə Azərbaycanın həyata keçirdiyi nəqliyyat layihələri barədə də məlumat verdim". Prezident İlham Əliyev əlavə edib ki, Asiyadan Avropaya ən qısa yol Azərbaycan ərazisindən keçəcək.

A.Merkel ilə görüşdə müzakirə olunan siyasi məsələlərə gəlincə, İlham Əliyev qeyd edib ki, Azərbaycan demokratiyaya, insan hüquqlarının qorunmasına möhkəm sadiqdir: "Son vaxtlar bu məsələlərin həlli üçün çoxlu addım atılıb".

Prezident İlham Əliyev əlavə edib ki, bu gün Azərbaycanda sərbəst toplaşma azadlığı, kütləvi informasiya vasitələrinin azadlığı kimi bütün əsas azadlıqlar təmin olunur.