İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İspaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

İspaniya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir

09.06.2016

AZƏRTAC

İyunun 8-də Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov bu ölkənin xarici işlər və əməkdaşlıq naziri Xose Manuel Qarsia-Marqayo ilə görüşüb.

Səfir A.Məhərrəmov qəbul üçün Xose Manuel Qarsia-Marqayoya təşəkkürünü bildirərək Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun salamlarını çatdırıb. O, İspaniyada səfir təyin olunduğu müddətdə keçirdiyi görüşlər və iştirak etdiyi tədbirlər barədə məlumat verib. A.Məhərrəmov Azərbaycanın müdafiə naziri Zakir Həsənovun İspaniyaya bu yaxınlarda baş tutan rəsmi səfərinin yüksək səviyyədə təşkili üçün təşəkkürünü bildirib.

Xose Manuel Qarsiya-Marqayo Azərbaycanla İspaniya arasında əməkdaşlıq səviyyəsindən məmnun olduğunu bildirərək onun da salamlarını nazir Elmar Məmmədyarova çatdırmağı xahiş edib. Daha sonra ispaniyalı nazir Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyət barədə maraqlanıb. A.Məhərrəmov aprelin 2-5-də cəbhə xəttində artan gərginliyin səbəbləri haqqında məlumat verərək, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki əhalisinin və obyektlərinin ağır artilleriya atəşinə tutulduğunu deyib. Bununla bərabər zəhərləyici təsirə malik ağ fosfor kimi kimyəvi tərkibli mərmilərdən istifadə edildiyini vurğulayıb. Bu baxımdan Ermənistanda yerləşən Metsamor Atom Elektrik Stansiyasının təhlükəli və zərərli fəaliyyətinə dair məlumat verən səfir sözügedən stansiyanın Cənubi Qafqaz regionu üçün təhlükə yaratdığını nəzərə alaraq, onun tezliklə bağlanılması üçün Azərbaycanın dəfələrlə dünya ictimaiyyətinə çağırışlar etdiyini bildirib.

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində son dövrlərdə baş verənlərin narahatlıq doğurduğunu bildirən nazir İspaniyanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz olduğunu, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini vurğulayıb.

Səfir A.Məhərrəmov İspaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişə ilə bağlı reallıqları nəzərə alaraq tutduğu ədalətli mövqeyinə görə xarici işlər və əməkdaşlıq nazirinə təşəkkürünü bildirib.

Sonda səfir iyunun 26-da İspaniyada keçiriləcək növbədənkənar parlament seçkilərində uğurlar arzulayaraq, bu seçkilərdən sonra tezliklə hökumətin formalaşacağına ümidvar olduğunu bildirib.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid