İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

PA rəsmisi: İnsan hüquqlarının qorunmasını əlində bayraq edənlər milyondan çox vətəndaşın hüquqlarının pozulmasına qiymət vermirlər

PA rəsmisi: İnsan hüquqlarının qorunmasını əlində bayraq edənlər milyondan çox vətəndaşın hüquqlarının pozulmasına qiymət vermirlər

16.06.2016

Azərbaycanda insan və vətəndaş hüquq və azadlıqlarının, vətəndaşların layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətimizin ali məqsədidir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov bu gün Milli Məclisdə keçirilən "18 İyun - Azərbaycanda İnsan Hüquqları Günü"nə həsr olunmuş dinləmələrdə deyib.

Ə.Həsənov bildirib ki, müstəqillik yalnız xalqımızın dövlətçilik arzularının yerinə yetirilməsi deyil, həm də hüquq və azadlıqlarının etibarlı təminatı üçün imkandır: "Azərbaycanda dövlət müstəqiliyinin ilk illəri insan hüquqlarının kütləvi şəkildə pozulması ilə müşahidə olunurdu. Belə ki, Ermənistan ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış edirdi və havadarlarının köməyi ilə Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal etmişdi. Bununla da 1 milyondan çox insan öz yurd-yuvasından didərgin salınmışdı. Təəssüf ki, insan hüquqlarının qorunmasını əlində bayraq edən bir sıra beynəlxalq təşkilatlar və dövlətlər milyondan çox vətəndaşın hüquqlarının ən kobud şəkildə pozulmasına qiymət vermirlər".

PA rəsmisi bildirib ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə xaos aradan qaldırıldı, sabitlik bərpa edildi: "Bu dövrdən başlayaraq, beynəlxalq sənədlərdəki insan hüquqları ilə bağlı prinsiplər nəzərə alınmaqla qanunlarımız qəbul edilib. Bu sahədə əsas qanunumuz Konstitusiyadır. Konstitusiyada insan hüquq və azadlıqlarının təmini, sosial, mədəni və digər hüquqlar, söz, fikir azadlıqları təsbit olunub. 1998-ci il iyunun 18-də "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı"nın qəbul edilməsi də mühüm addım idi".

Ə.Həsənov qeyd edib ki, insan hüquqlarının, insanların sərbəst toplaşma azadlığının təmin edilməsi üçün lazımi işlər görülüb. Sərbəst toplaşma ilə bağlı yerli icra hakimiyyəti orqanları tərəfindən rayonlarda açıq və qapalı yerlər müəyyən edilib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycanda çoxlu sayda partiya, QHT, mətbuat orqanı fəaliyyət göstərir. Hər il dövlət büdcəsindən partiyaların maliyyələşməsinə 2,5 milyon manat vəsait ayrılır.

Vətəndaş cəmiyyətinin fəaliyyəti haqqında danışan Ə.Həsənov bildirib ki, Azərbaycanda qəbul olunan qanunlar və hüquqi aktlar QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir: "QHT-lərə hərtərəfli dövlət dəstəyinin göstərilməsi üçün 2007-ci ilin dekabrında Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yaradıldı".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycanda gənclərin ictimai birliklərinin fəaliyyətinə də xüsusi diqqət yetirlir: "Bu məqsədlə 2011-ci ilin dekabrında Azərbaycan Prezidenti yanında Gənclər Fondu yaradılıb. Bu günə qədər Fond gənclərin çoxsaylı layihələrini maliyyələşdirib".

Ə.Həsənov bildirib ki, bu gün Azərbaycanda 15-dək nazirlik, komitə və digər dövlət qurumları ictimai təşkilatlara qrantlar ayırır.

PA rəsmisi deyib ki, Azərbaycanda söz və mətbuat azadlığının təmin edilməsinə də xüsusi diqqət yetirilir. 1998-ci ildə ulu öndər Heydər Əliyevin qərarı ilə Azərbaycanda mətbuat üzərində senzura birdəfəlik ləğv edilib və KİV-lərin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində çoxsaylı işlər görülüb.

Ə.Həsənov vurğulayıb ki, Prezident İlham Əlityev KİV-lərin inkişafına və onların problemlərinin həllinə xüsusi diqqət ayırır: "Azərbaycanda azad, plüralist media fəaliyyət göstərir. KİV-in sayına görə Azərbaycan qabaqcıl ölkələrdən biridir. Azərbaycanda 5 mindən artıq KİV fəaliyyət göstərir".

Ə.Həsənov Azərbaycanda internet sərbəstliyindən də danışıb. O qeyd edib ki, internet resursları Azərbaycanda sürətlə inkişaf edir, əhalinin 75 faizindən çoxu internetdən istifadə edir.