İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“The Hill” qəzetində “Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə” sərlövhəli məqalə dərc olunmuşdur

“The Hill” qəzetində “Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə” sərlövhəli məqalə dərc olunmuşdur

03.07.2014

ABŞ Konqresinin ən nüfuzlu nəşri olan, senator və konqresmenlər, xarici siyasət ekspertləri və ictimaiyyət tərəfindən mütəmadi oxunan “The Hill” qəzetində Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevin Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqaləsi dərc olunmuşdur.

“Dağlıq Qarabağ: sabitliyə və ABŞ maraqlarına təhlükə” sərlövhəli məqalədə diqqət Azərbaycan torpaqlarının bir hissəsinin Ermənistan tərəfindən işğalına, azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləməyə və ölkəmizin mədəni irsinin dağıdılmasına, həmçinin Ermənistanın BMT-nin qətnamələrinə məhəl qoymamasına cəlb edilir.

Bildirilir ki, hazırda dünya ictimaiyyətinin diqqəti İraq, Suriya və Ukraynada baş verən böhranlara cəmləşsə də, Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti nəticəsində yaranmış durum regional sabitliyə ciddi təhlükə törətməkdə davam edir. Bu səpkidə Qafqaz regionunun geosiyasi önəminə və ABŞ-ın bu regiondakı maraqlarına toxunularaq Azərbaycanın Qərbin enerji təhlükəsizliyində oynadığı roldan, beynəlxalq terrorizmə qarşı mübarizəyə verdiyi töhfələrdən və ABŞ-ın Əfqanıstandakı qoşunları üçün yaratdığı vacib dəhliz imkanlarından bəhs olunur, Qafqaz regionundakı sülh və sabitliyin Birləşmiş Ştatların regional və qlobal maraqları baxımından mühüm önəm daşıdığı vurğulanır.

Diplomat qeyd edir ki, 1990-cı illərdən münaqişənin həllində vasitəçi olan ABŞ Ermənistan tərəfindən Dağlıq Qarabağda yaradılmış rejimi tanımaqdan imtina etmişdir. Ancaq bu, Ermənistanı öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə vadar etmək üçün kifayət deyildir. Regionda böyük maraqları olan ABŞ Ermənistanın beynəlxalq ictimaiyyətin iradəsini rədd etməsinə və Qafqazda sülhə təhlükə törətməsinə imkan verməməli, Ermənistandan beynəlxalq hüquqa əməl etməsi tələb olunmalıdır. Ermənistanın tabe olmayacağı təqdirdə, ABŞ bu ölkəyə qarşı sanksiyalar tətbiq etməli, onu öz hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə məcbur etməlidir. Bunsuz hər hansı həllə nail olmaq mümkün olmayacaq, qeyri-sabitlik və yeni müharibə təhlükəsi qalmaqda davam edəcəkdir.

Müəllif bu il Kaliforniya Ştat Assambleyasında erməni lobbisi tərəfindən irəli sürülmüş qondarma “Dağlıq Qarabağ Respublikası” ilə bağlı AJR 32 saylı qətnaməyə toxunaraq belə qərəzli təşəbbüslərin nəinki ABŞ-ın regiondakı mövqeləri üçün ziyanlı olduğunu, həmçinin bölgədə onsuz da mürəkkəb vəziyyəti daha da qəlizləşdirdiyini bildirir. Baş konsul beynəlxalq hüququ pozan, etnik təmizləməyə bəraət qazandıran, eləcə də ABŞ xarici siyasətinə və maraqlarına zidd olan belə qərəzli qətnamələrin qarşısının Birləşmiş Ştatlar hökuməti tərəfindən alınmasının vacibliyini vurğulayır.

Məqalənin tam mətnini bu linkdən oxumaq olar: http://thehill.com/blogs/congress-blog/foreign-policy/211096-nagorno-karabakh-a-threat-to-stability-and-us-interests#ixzz36LKojxdE