İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil

XİN: Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil

30.06.2016

Dağlıq Qarabağın Azərbaycanın ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil. Bunu Trend-ə XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan xarici işlər naziri E.Nalbəndyanın Dağlıq Qarabağın statusu müzakirə mövzusunun olmaması barədə bəyanatına münasibətdə deyib.

"Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi beynəlxalq ictimaiyyət tərəfindən tanınır və dəstəklənir. BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində bir daha ölkəmizin ərazi bütövlüyü, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olması və güc tətbiq edərək ərazi əldə edilməsinin qəbuledilməzliyi təsbit olunur. Odur ki, Azərbaycanın ərazisinin və suverenliyinin ayrılmaz hissəsi olan Dağlıq Qarabağın ölkəmizin ərazi bütövlüyündən kənar hər hansı statusu müzakirə mövzusu deyil. Dolayısı olsa da, Ermənistan xarici işlər naziri özü də bu faktı etiraf edir", - deyə Hikmət Hacıyev bildirib.

Onun sözlərinə görə, münaqişənin həllinə nail olmaq üçün TŞ-nın məlum qətnamələrində tələb olunduğu kimi Ermənistan qoşunları bütün işğal olunmuş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmalıdır.