İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Kaliforniyada çıxan nüfuzlu “Sacramento Bee” qəzetində Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunmuşdur

Kaliforniyada çıxan nüfuzlu “Sacramento Bee” qəzetində Ermənistanın işğalçılıq siyasətinə dair məqalə dərc olunmuşdur

07.07.2014 

Kaliforniyanın nüfuzlu “Sacramento Bee” qəzetində ştatın azərbaycanlı icmasının fəallarından Elnur Aydınovun Ermənistanın işğalçılıq siyasətindən bəhs edən məqaləsi dərc olunmuşdur.

Məqalədə Ermənistandan azərbaycanlıların kütləvi şəkildə deportasiya olunması, Azərbaycan torpaqlarının işğalı, bu torpaqlarda həmvətənlərimizə qarşı həyata keçirilən etnik təmizləmə siyasəti barədə geniş məlumatlar yer almışdır.

Yazıda 1988-ci ilə qədər öz ailəsi də daxil olmaqla yüz minlərlə azərbaycanlının Ermənistanda yaşadığını diqqətə çatdıran müəllif azərbaycanlıların Ermənistandakı yurd-yuvalarından kütləvi şəkildə deportasiya olunmalarından və soydaşlarımızın böyük əzab-əziyyətlərə məruz qalmalarından söz açmışdır.

Müəllif qeyd etmişdir ki, bu, acı tale ilə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağda və ətraf yeddi rayonda yaşayan həmvətənlərimiz də üzləşmişdir. Belə ki, Ermənistanın dədə-baba torpaqlarımız olan bu əraziləri işğal etməsi və həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 20 min azərbaycanlı öldürülmüş, ümumilikdə bir milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilmişdir.

Müəllif vurğulamışdır ki, baş verən bütün bu faciələrdən sonra erməni lobbisinin təsiri altında Kaliforniya Ştat Assambleyasının Ermənistan tərəfindən Azərbaycan ərazilərində yaradılmış qondarma bir rejimə dair qətnamə qəbul etməsi ABŞ-ın xarici siyasətinə və beynəlxalq birliyin iradəsinə ziddir.

E.Aydınov bildirmişdir ki, erməni lobbisi bununla qanunsuz hərbi işğalı unutdurmağa çalışır. Hazırda qətnamənin Kaliforniya Senatında baxılmaqda olduğunu söyləyən müəllif Senatın erməni yalanlarına uymayacağına və qətnaməni rədd edəcəyinə ümidvar olduğunu vurğulamışdır.

Qeyd edək ki, Kaliforniyanın paytaxtında nəşr olunan “Sacramento Bee” ştatın siyasətçiləri və geniş ictimaiyyəti tərəfindən ən çox oxunan qəzetlərdəndir.

Məqalə ilə daha ətraflı aşağıdakı linkdə tanış olmaq mümkündür: 
http://www.sacbee.com/2014/07/05/6532719/viewpoints-legislature-should.html