İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

İlham Əliyev: Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir

İlham Əliyev: Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir

09.07.2016

Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Varşava Sammitində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş” mövzusunda sessiyada çıxışında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır: "Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır".

Prezident əlavə edib ki, iyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir: "Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk".