İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi üzrə müsbət dinamikanın davam edəcəyinə ümid edir

Prezident İlham Əliyev Dağlıq Qarabağ münaqişəsi üzrə müsbət dinamikanın davam edəcəyinə ümid edir

11.07.2016

Trend:

İyulun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovu qəbul edib.

Rusiya xarici işlər nazirini salamlayan Prezident İlham Əliyev dedi:

- Xoş gəlmisiniz, hörmətli Sergey Viktoroviç. Sizi yenidən Bakıda görməyimə çox şadam. Biz bu yaxınlarda Peterburqda görüşmüşdük. Buna qədər də görüşmüşdük. Mən keçmiş cədvələ baxdım, biz hər ay görüşmüşük: apreldə Bakıda, mayda Vyanada, keçən ay Sankt-Peterburqda, sonra yenidən Bakıda. Bu, bizim münasibətlərimizin necə inkişaf etdiyinin yaxşı göstəricisidir, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın necə səmərəli rol oynadığının göstəricisidir.

Biz Rusiya tərəfinin, şəxsən Prezidentin səylərini yüksək qiymətləndiririk. Mən həm Sizə, həm də Rusiya Prezidentinə Sankt-Peterburqda görüşün keçirilməsi təşəbbüsünə görə təşəkkürümü bildirmək istərdim. Biz bu görüşü çox səmərəli və müsbət görüş kimi qiymətləndiririk. Əlbəttə ki, son 3-4 ayda danışıqlar prosesində nəzərəçarpan müsbət dinamikanın davam edəcəyinə ümid bəsləyirik. Hesab edirəm ki, danışıqların bu dövrü ən dinamikdir və ümidvaram, həm də ən səmərəli olacaq. Sizin bu gün Bakıya, bundan əvvəl isə Yerevana səfəriniz bir daha sübut edir ki, Rusiya hər iki ölkənin dostu, qonşusu kimi münaqişənin nizamlanmasında maraqlıdır. Təbii ki, biz də maraqlıyıq, regionda sülhün və təhlükəsizliyin bərqərar olması üçün münaqişənin tezliklə həllini istəyirik.

Həmçinin, əlbəttə ki, sizin səfəriniz ikitərəfli münasibətlərin gündəliyini müzakirə etmək üçün yaxşı imkandır. Keçən ay biz bu məsələləri Rusiya Prezidenti ilə müzakirə etmişdik. Elə bir mövzu tapmadıq ki, ani müdaxilə tələb etsin. Bizim əsas vəzifəmiz bütün istiqamətlər üzrə - həm siyasi, həm iqtisadi, nəqliyyat, energetika, humanitar əməkdaşlıq sahələrində münasibətləri möhkəmləndirməkdir. Biz dost və tərəfdaş kimi inamla irəliləyirik. Əminəm ki, sizin səfəriniz uğurlu olacaq və ölkələrimizin daha da yaxınlaşmasına təkan verəcək. Bir daha xoş gəlmisiniz.