İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bundestaq üzvü: “Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır”

Bundestaq üzvü: “Azərbaycan ərazilərinin işğalına son qoyulmalıdır”

26.07.2016

Bundestaqının üzvü, parlamentdə Xristian-Sosialistlər İttifaqının (XSİ) regional fraksiyasının baş katibi Maks Straubinger Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) sorğusuna cavab verib.

TEAS-dan APA-ya verilən xəbərə görə, M. Straubinger cavabında bildirib:

“Almaniya parlamentində Xristian-Sosialistlər İttifaqının regional fraksiyası üçün tam aydındır ki, beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünə hörmət şübhə altına alınmamalı və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinə əməl edilməlidir. Şübhəsiz ki, beynəlxalq hüquqa zidd olan Azərbaycan ərazilərinin işğalına son qoyulmalı və məcburi köçkünlərin öz evlərinə geri qayıtmasına şərait yaradılmalıdır. Münaqişənin sülh yolu ilə həlli bütövlükdə regionun stabilləşdirilməsinə töhfə verəcək. 1992-ci ildən ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan  danışıqlar nəticəsində sülh sazişi (“Madrid prinsipləri”) üçün ərazi bütövlüyü, münaqişənin sülh yolu ilə həlli və xalqların öz müqəddəratını təyin etməsi prinsiplərinə əsaslanan səmərəli yolu tapıldı. Təəssüf ki, kifayət qədər vaxt sərf olunmasına baxmayaraq, danışıqlarda tərəqqi baş vermədi. Hətta 2016-cı ilin aprel ayında münaqişə yenidən alovlandı və bu, hər iki tərəfdə mülki insan itkisinə səbəb oldu. Biz bu gərginləşmədən təəssüflənir və xüsusilə də, mülki əhalinin tələf olması faktını pisləyirik. XSİ regional fraksiyası hesab edir ki, Almaniya hazırda ATƏT-in sədri qismində münaqişənin yenidən alovlanmasının qarşısını almaq və sülhə gətirəcək yolun tapılması üçün əlindən gələni etməyə məsuliyyət daşıyır. Ona görə də biz möhkəm atəşkəs, etimad quruculuğu tədbirləri və danışıqların yenidən başlanmasını istəyirik. Almaniya hökuməti də bu hədəflərin həyata keçməsi üçün kampaniya aparır. Xarici işlər naziri Ştaynmayer bu yaxınlarda siyasi danışıqlar aparmaq üçün Cənubi Qafqaza səfər edib. 1 iyul 2016-cı il tarixdə Tbilisidə keçirilən ATƏT-n Parlamentlərarası Assambleyasının konfransında o, düzgün olaraq vurğulayıb ki, ATƏT ərazisində dalana dirənmiş münaqişələrin sürətli və sürpriz həllini gözləmək olmaz. Lakin Almaniya tədricən tərəflər arasındakı minimum qarşılıqlı inamın yaranmasına və orada yaşayan əhalinin gündəlik həyatının asanlaşdırılmasına çalışır. Xarici işlər naziri əmin edib ki, AlmaniyaATƏT-in Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsinin missiyasının komanda üzvlərinin sayının artmasına, hərbi insidentlərin təhqiqat mexanizminin yaradılmasına və daha gücləndirilmiş monitorinq vasitəsilə atəşkəs rejiminin  sabitləşməsinə nail olunmasına intensiv şəkildə çalışacaq. Bundan sonra ciddi danışıqların aparılmasında ilk addım atmaq mümkün olacaq. Bundan əlavə, Almaniya çalışır ki, ATƏT-in Minsk Qrupu danışıqlar prosesini yenidən canlandırsın və intensivləşdirsin. Məqsəd status-kvonu möhkəmləndirmək deyil, münaqişənin həlli prosesində tərəqqiyə nail olmaqdır. Bu ikitərəfli yanaşma XSİ regional fraksiyası tərəfindən dəstəklənir. Lakin qarşı tərəflərin rolu çox mühümdür: onlar münaqişədə istənilən gərginləşmədən imtina etməli və danışıqlar prosesini çətinləşdirən şərtlər qoymaqdan çəkinməlidirlər.  Əks təqdirdə, real dialoqa nail olmaq mümkün olmayacaq”.