İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycanlı məcburi köçkünlərin fotoları ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalında dərc edilib

Azərbaycanlı məcburi köçkünlərin fotoları ABŞ-da nəşr olunan “Foreign Policy” jurnalında dərc edilib

15.07.2014 

ABŞ-da işıq üzü görən, dünyanın ən məşhur jurnallarından olan “Foreign Policy” (Xarici siyasət) jurnalı cari buraxılışında dünya şöhrətli fotoqraf Ed Kaşinin çəkdiyi azərbaycanlı qaçqın və məcburi köçkünlərin təsirli fotolarını dərc edib.

Jurnalın təxminən 3,5 milyon onlayn oxucusu var. Fotoşəkillər Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə reallaşdırılan “Həyata keçməyən arzular” layihəsinin nəticəsidir.

Cəmiyyətdən APA-ya verilən məlumata görə, Ed Kaşi 2012-ci ildə TEAS-ın dəvəti ilə Azərbaycana səfər edərək dörd düşərgədə qaçqın və məcburi köçkünlərin gündəlik həyatını əks etdirən fotolar çəkib. “Foreign Policy” jurnalının “Inbox” bölməsində dərc olunan, fotojurnalistikanın görkəmli nümunələrini ön plana çıxaran məqalədə bildirilir: “Hazırda Dağlıq Qarabağ Ermənistan işğalçı qüvvələrinin işğalı altındadır. Hərbi işğal və itkilər münaqişənin nəticələrindən çox uzaqdır. Azərbaycan dünyada sayına görə ən çox qaçqın və məcburi köçkünə malik ölkədir”.

“Foreign Policy” jurnalında dərc olunan fotolar Avropa Azərbaycan Cəmiyyətinin nümayəndəliklərinin yerləşdiyi şəhərlərə səyahət edən 50 fotodan sadəcə beşidir. “Həyata keçməyən arzular” sərgisi artıq London və Parisdə öz izləyiciləri ilə görüşüb və gələcəkdə Berlin, Brüssel və İstanbulda da səfərdə olacağı planlaşdırılır.

Nyu Yorkda yaşayan Ed Kaşi ömrünün son 30 ilini dünyanın münaqişə bölgələrində insan faciələrini çəkməyə sərf edib. “VII Foto” agentliyinin həmsədri olan Ed Kaşinin əsərləri “National Geographic”, “Newsweek”, “Time” və “The New York Times” kimi mətbu orqanlarda dərc olunub.

Ed Kaşi digər mükafatları ilə yanaşı 2011-ci ildə “World Press Photo” müsabiqəsinin qalibi, 2010-cu ildə isə ilin “UNİCEF Photo” mükafatçısı olub və “Prize Pictet” qlobal fotoqrafiya mükafatına layiq görülüb. Onun 7 foto-kitabı dünyanın dörd bir yanını dolaşıb, “Fotojurnalistika” adlı son kitabı isə bu sahədə çalışanların istinadgahına çevrilib.