İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Hərbi Prokurorluqda aprel hadisələri ilə bağlı 5 maddə üzrə cinayət işi açılıb

Hərbi Prokurorluqda aprel hadisələri ilə bağlı 5 maddə üzrə cinayət işi açılıb

26.07.2016

Bu ilin aprel ayında qanunsuz erməni silahlı birləşmələrinin təmas xəttində törətdiyi təxribatla bağlı cinayət işi başlanıb.

Trend-in məlumatına görə, bu barədə iyulun 26-da Azərbaycan Hərbi Prokurorluğunda 2016-cı ilin birinci yarısında görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş kollegiya iclasında respublika hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev deyib.

Onun sözlərinə görə, erməni silahlı birləşmələri atəşkəs rejimini və beynəlxalq hüququn tələblərini kobud şəkildə pozaraq Azərbaycanın cəbhəboyu, həmçinin təmas xəttinə yaxın olmayan yaşayış məntəqələri və mülki obyektləri iriçaplı silahlardan, mina və qumbaraatanlardan, artilleriya qurğularından intensiv atəşə tutublar:

"Ermənistan silahlı qüvvələri tərəfindən milli ədavət və düşmənçilik niyyəti ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının qəsdən öldürülmələri və qəsdən öldürməyə cəhd faktlarına görə Azərbaycan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.2.4, 29,120.2.7, 29,120.2.12, 120.2.7 və 120.2.12-ci maddələri ilə cinayət işi başlanaraq istintaq-əməliyyat qrupu yaradılıb".

H.Prokuror əlavə edib ki, istintaq-əməliyyat qrupu tərəfindən qısa müddət ərzində çoxsaylı istintaq hərəkətləri yerinə yetirilmiş və döyüş əməliyyatlarında həlak olmuş hərbi qulluqçuların meyitləri müayinə olunub: "İstintaq qrupunun üzvləri xidməti vəzifələrini gərgin şəraitdə, yüksək peşəkarlıqla yerinə yetirərək müxtəlif dərəcəli bədən xəsarətləri almış hərbi qulluqçuların məhkəmə-tibbi müayinədən keçirilməsi, onların zərərçəkmiş şəxs qismində tanınmaqla dindirilmələri, müvafiq olaraq məhkəmə-tibbi, kompleks məhkəmə ballistik və digər ekspertizalar təyin edərək icraya yönəldilməsi vaxtında tam təmin olunub".