İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Daimi nümayəndəlik: Ermənistanın qeyri-qanuni fəaliyyətinə beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır

Daimi nümayəndəlik: Ermənistanın qeyri-qanuni fəaliyyətinə beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır

29.07.2016

“Azərbaycan Ermənistanın “status-kvo”nu möhkəmləndirmək və  Azərbaycan torpaqlarının ilhaqını təmin etmək məqsədlə işğal edilmiş ərazilərdə həyata keçirdiyi ardıcıl fəaliyyətlər barədə sübutları bir neçə dəfə beynəlxalq ictimaiyyətə təqdim edib. Bu fəaliyyətlərə Ermənistan və xarici ölkələrdən gətirilən şəxslərin məskunlaşdırılması, tarixi və mədəni irsin məhv edilməsi və ya özününküləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər, işğal edilmiş ərazilərdəki təbii sərvətlərin talan və istismar edilməsi daxildir”.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycanın ATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının iclasında Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı bəyanatda deyilir.

Bəyanatda bildirilir ki, qeyd edilən fəaliyyətlərin münaqişənin siyasi tənzimlənməsi istiqamətində addımlar atıldığı bir zamanda davam etməsi narahatlıq doğurur: “Ermənistanın həyata keçirdiyi bu qeyri-qanuni fəaliyyətlərə adekvat beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır. Sübutlar onu göstərir ki, Ermənistan birbaşa öz vasitələri və dolayısı ilə işğal etdiyi ərazilərdə yaratdığı separatçı rejim və erməni diasporunun köməyi ilə bu fəaliyyətləri davam etdirməklə yanaşı bu qeyri-qanuni fəaliyyətlərin miqyasını genişləndirir. Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdə Suriya ermənilərinin yeni məskunlaşma dalğası ilə bağlı məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. İyulun 24-də separatçı rejimin nümayəndəsi Bako Saakyan Zabux çayı üzərində su elektrik stansiyasının tikintisini yoxlamaq məqsədilə Laçın rayonuna səfər edib. Səfər zamanı Saakyan regional administrasiyanın nümayəndələri ilə görüşərək bu məsələni müzakirə edib. Həmçinin, birbaşa və ya dolayısı ilə bəzi xarici şəxslərin qeyri-qanuni iqtisadi, kommersiya və digər fəaliyyətlərə cəlb olunması ilə bağlı sübutlar mövcuddur".

Bəyanatda həmçinin qeyd edilib ki, Azərbaycan ATƏT-ə üzv dövlətləri, onun müvafiq qurumlarını, institutlarını və ATƏT-in İrəvan ofisi də daxil olmaqla,ATƏT-in sahə missiyalarını Ermənistanı beynəlxalq öhdəliklərinə riayət etməsi üçün məcbur etməyə çağırır.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.