İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır

Prezident İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır

07.08.2016

İran tərəfi həmişə Azərbaycanın ərazi bütövlüyünə böyük hörmətlə yanaşır və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir. Bu dəstək həm BMT, həm İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində özünü biruzə verir.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün sənədlərin imzalanması mərasimindən sonra mətbuata birgə bəyanatda çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, bu il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə qəbul edilmiş bəyannamə bir daha münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını tələb edir və İran dövlətinin bu istiqamətdəki fəaliyyətini yüksək qiymətləndiririk: "Mən bu gün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı son vəziyyəti Prezident Həsən Ruhaniyə bildirdim. Bildiyiniz kimi, uzun illərdir ki, Azərbaycan torpaqları işğal altındadır, Dağlıq Qarabağ əzəli, tarixi Azərbaycan torpağıdır və bu gün nəinki Dağlıq Qarabağ, onun ətrafında yerləşən 7 rayon işğal altındadır, Azərbaycan əhalisi bu bölgələrdən zorla çıxarılıb, bizim tarixi abidələrimiz, o cümlədən, məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və torpaqlarımızın 20 faizi işğal altındadır və bu işğal davam edir. Münaqişənin həlli yolları da aydındır. Azərbaycanın ərazi bütövlüyünü pozan erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan çıxarılmalıdır. Necə ki, bunu BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi tələb edir.

Dövlət başçısı sonra deyib: "Onu da qeyd etməliyəm ki, bu il İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşündə Ermənistanın Azərbaycana qarşı aprel ayındakı aqressiyası pislənildi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılıb. Bu ilin aprel ayında erməni silahlı qüvvələri Azərbaycana qarşı növbəti silahlı təxribat törətmişdilər. Bu təxribat nəticəsində bizim hərbçilərimiz həlak olub. 6 mülki şəxs həlak olub, 20-dən çox mülki vətəndaş xəsarət alıb, 600-dən çox ev ziyan çəkib, 100-dən çox ev isə tamamilə dağıdılıb. Azərbaycan məcbur olub vətəndaşlarını, torpaqlarını qorumaq üçün lazımi addımlar atdı və bu addımlar çox təsirli oldu. Münaqişənin həlli ilə bağlı beynəlxalq təşkilatların qərar və qətnamələri icra edilməlidir, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Mən bu gün Prezident Həsən Ruhaniyə danışıqların son vəziyyəti haqqında geniş məlumat vermişəm".