İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Xocalı qətliamı Qafqazın Srebrenitsasıdır

Xocalı qətliamı Qafqazın Srebrenitsasıdır

15.07.2014

ABŞ Konqresinin binasında Srebrenitsa qətliamı qurbanlarının anım mərasimi keçirilib. “Srebrenitsada qətliamının 19-cu ildönümü ABŞ Konqresində” adlı tədbir Bosniya və Herseqovina ilə münasibətlərə dair Məşvərət Şurası tərəfindən təşkil edilib.

Tədbiri Bosniya və Herseqovina ilə münasibətlərə dair Məşvərət Şurasının icraçı direktoru Ayla Delkiç açdı. “Srebrenitsa qətliamından sonra” kitabının həmmüəllifi doktor Sara Uaqner və Srebrenitsanın keçmiş sakini, qırğından sonra sanki möcüzə sayəsində sağ qalmış Elvir Klempiç çıxış etdilər.

İxtisasca antropoloq olan doktor Uaqner qırğından sonra bosniyalı serblərlə müsəlmanlar arasında qarşılıqlı münasibətlər barədə danışdı. Sonra Elvir Kempiç çıxış etdi. Srebrenitsada faciəli hadisələr törədilən vaxt 11 yaşı olmuş Krempiç o günlər haqqında xatirələrini bölüşdü, qırğın zamanı 60 nəfər yaxın qohumunu itirməsindən danışdı.

AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbiri Yusif Babanlı Bosniya diasporunun üzvlərinə başsağlığı verərək qeyd etdi ki, azərbaycanlılar da dinc əhalinin ermənilər tərəfindən kütləvi şəkildə qırılmasının qurbanları olublar. O vurğuladı ki, Srebenitsa hadisələrindən üç il əvvəl erməni silahlıları Xocalıda 613 dinc sakini qətlə yetirmişdilər və Srebrenitsa qırğınından fərqli olaraq, Xocalıda ermənilər hətta qadınlara və uşaqlara da rəhm etmədilər. Y.Babanlı dedi ki, Srebrenitsa hadisələrinə qədər Xocalı qətliamını İkinci Dünya müharibəsindən sonra ən amansız qırğın hesab edirdilərsə, indi onu “Qafqaz Srebrenitsası” adlandırırlar.

E.Klempiç Xocalı qətliamına münasibət bildirərək dedi ki, əgər dünya birliyi Xocalıda azərbaycanlı dinc əhalinin qırılmasını vaxtında pisləsəydi, Srebrenitsada sülhməramlılar əhalinin qorunması üçün daha sərt tədbirlər görərdilər.

Tədbirdə ABŞ konqresmenlərinin ofislərinin, yerli və Bosniya KİV-lərinin nümayəndələri, Bosniya diasporunun üzvləri iştirak edirdi.