İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

XİN: BMT Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozmasına xüsusi diqqət yetirməlidir

XİN: BMT Ermənistanın beynəlxalq hüququ kobud şəkildə pozmasına xüsusi diqqət yetirməlidir

18.09.2016

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn pozulması hallarına, İnsan hüquqları Şurasının 33-cü iclası və Ermənistan XİN-in açıqlamasına münasibət bildirib.

APA-nın məlumatına görə, Hikmət Hacıyev deyib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərində Azərbaycan əhalisinə qarşı qanlı etnik təmizləmə, o cümlədən  Xocalı soyqırımının törədilməsi və Azərbaycan xalqına məxsus maddi-mədəni irsin, dövlət və özəl mülkiyyətinin, təbii sərvətlərin talan edilməsi, qəsdən mülki obyektlərə və şəxslərə qarşı sistematik hücumların təşkil edilməsi, əsir və girov götürülmüş mülki və hərbi azərbaycanlı şəxslərin qeyri-insani fiziki və psixoloji işgəncələrə məruz qoyulması və kütləvi şəkildə öldürülməsi halları beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır.

H. Hacıyev bildirib ki, bu cinayət əməllərinin davamı kimi, 2 aprel 2016-cı il tarixindən Ermənistan silahlı qüvvələri təmas xətti boyunca Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini və təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki Azərbaycan əhalisinin sıx yaşadığı məntəqələri ağır artilleriya və iri çaplı silahlardan intensiv atəşə tutub. Ermənistanın hücumları və sonrakı həmlələri nəticəsində qoşunların təmas xətti boyunca 30-dan artıq şəhər və kənd atəşə məruz alıb, uşaqlar da daxil olmaqla xeyli sayda mülki Azərbaycan əhalisi öldürülüb və yaralanıb: “Ermənistan Respublikasının bir dövlət kimi beynəlxalq səviyyədə qanunsuz əməllərinə görə daşıdığı məsuliyyəti ilə yanaşı, Ermənistan tərəfindən münaqişə dövründə beynəlxalq humanitar və insan haqları hüququnun pozulması beynəlxalq cinayət hüququna görə cinayət kimi tövsif olunur. Ermənistan tərəfindən davamlı şəkildə törədilən bu cinayətlər pərakəndə və ya təsadüfi hallar olmayaraq, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi məqsədyönlü siyasətinin nəticəsidir. Milli səviyyədə, eləcə də mövcud beynəlxalq hüquqi çərçivədə görülən tədbirlər Ermənistanın Azərbaycana qarşı təcavüzü dövründə törədilmiş ağır cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin ədalət mühakiməsinə çıxarılmasına xidmət edəcək”.

XİN Mətbuat xidmətinin rəhbəri qeyd edib ki, təəssüflər olsun ki, BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının ofisi 20 ildən artıq dövr ərzində azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının pozulması hallarına səssiz qalıb: “Azərbaycan Respublikasının Cenevrədəki BMTbölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi keçirilmiş İnsan hüquqları Şurasının sentyabrın 14-də keçirilmiş növbəti iclasında bir daha bu məsələni qaldırıb. BMT-nin İnsan hüquqları üzrə Ali komissarlığının Ofisi və digər beynəlxalq təsisatlar qeyd olunan beynəlxalq sənədlərə, BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan tərəfindən beynəlxalq humanitar hüququn, o cümlədən azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarının kütləvi və kobud şəkildə pozulması hallarına xüsusi diqqət yetirməlidirlər”.