İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Ermənistan substantiv danışıqlara mane olmağa çalışır

Azərbaycan XİN: Ermənistan substantiv danışıqlara mane olmağa çalışır

29.09.2016

"Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ABŞ-ın Kaliforniya ştatının Berkli Universitetindəki çıxışı zamanı ənənələrinə sadiq qalaraq beynəlxalq ictimaiyyəti aldatmağa və çaşdırmağa çalışıb”.

Bunu APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, E. Nalbandyan məqsədli şəkildə Vyana və Sankt-Peterburq görüşlərinin mahiyyəti və nəticələrini təhrif edib: " Ermənistan xarici işlər naziri tərəfinsən əsassız olaraq ikinci və üçüncü dərəcəli texniki məsələlər gündəmə gətirilməklə, əsas hədəfdən yayınmaq siyasəti yürüdülür. Sankt-Peterburq görüşünün əsas nəticəsi ondan ibarət idi ki, münaqişə tərəfləri olan Azərbaycan və Ermənistan ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə substantiv danışıqlara başlamalıdır. Substantiv danışıqların da yekun nəticəsi mövcud “status-kvo”nun dəyişdirilməsi və işğal olunmuş Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Danışıqlar prosesinin mahiyyəti və məğzi bundan ibarətdir. Substantiv danışıqlar prosesi gedir. Sadəcə olaraq Ermənistan tərəfi müxtəlif təxribatlarla, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif atəş hazırlığı məşqləri və digər təxribatçı addımlar həyata keçirməklə, bu prosesə mane olmağa çalışır". 

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb. 1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi - Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon (LaçınKəlbəcərAğdamFüzuliCəbrayılQubadlıZəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olur. Qrup ATƏM (1994-cü ilin dekabrında keçirilmiş Budapeşt sammitindən sonraATƏT) Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. Qrupun üzvləri Azərbaycan, Ermənistan, Rusiya, Amerika Birləşmiş Ştatları, Fransa, İtaliya, Almaniya, Türkiyə, Belarus, Finlandiya və İsveçdir.

1996-cı ilin dekabrından onun Rusiya, ABŞ və Fransadan ibarət həmsədrlik institutu fəaliyyət göstərir.

Ermənistan qoşunlarının Dağlıq Qarabağdan qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qısa fasilələrlə qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələri, o cümlədən BMT Baş Assambleyası, AŞPAATƏT, İƏT və digər təşkilat və qurumların qətnamələri mövcuddur.