İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Meksika qəzeti: Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir

Meksika qəzeti: Xocalı soyqırımı bütün insanlığa qarşı törədilmiş cinayətdir

01.10.2016

Trend:

Meksikada tanınmış ingilisdilli “The News” qəzetində baş redaktor Teresa Marqolisin müəllifliyi ilə “Bir önəmsiz soyqırım” sərlövhəli məqalə dərc edilib.

Azərbaycanın Meksikadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə müəllif tarixdə zaman-zaman yer almış və insanlığa qarşı böyük cinayət sayılan etnik təmizləmə halları və bu hallara beynəlxalq ictimaiyyətin münasibətindən söz açaraq, faktlara istinadən öz mülahizələrini bölüşür və bu mövzunun daima diqqət mərkəzində saxlanılmasının vacibliyindən söhbət açır.

Məqalənin giriş hissəsində keçmiş İraq və Yuqoslaviya prezidentləri olmuş Səddam Hüseyn və Slobodan Miloşeviçin dinc sakinlərə qarşı qırğınlar təşkil etməsindən, 1940-cı ildə nasistlər tərəfindən konslagerlərin qaz kameralarında milyonlarla yəhudinin qətlə yetirilməsindən, Sudanda baş vermiş qətliamdan bəhs edilib.

Müəllif insanlığa qarşı bu dözülməz cinayətlərə son qoymaq üçün iqtisadi sanksiyalar, tərk-silah, cinayətlərin ifşasına beynəlxalq medianın diqqətinin cəlb edilməsi, hər bir ölkənin, insanın mənəvi məsuliyyətinin ortaya qoyulması, etinasızlıq siyasətinin pislənilməsi kimi üsullardan istifadə etməklə mübarizə aparılması zərurətini qeyd edib. Eyni zamanda, o qeyd edib ki, soyqırım hadisələri ümumən haqlı olaraq pislənsə də, bəzi hallarda belə hadisələr diqqətdən kənarda qalır, dünya ictimaiyyəti tərəfindən qınanmır.

T.Marqolis buna misal olaraq 1992-ci ildə Azərbaycanın Xocalı qəsəbəsində həyata keçirilmiş qırğından bəhs edir. Müəllif 24 il əvvəl Dağlıq Qarabağ müharibəsində erməni qoşunlarının Azərbaycan ərazisinə hərbi müdaxiləsi zamanı bu şəhəri yerlə-yeksan edərək, 83 nəfəri on dörd yaşına qədər azyaşlı olmaqla 613 günahsız mülki şəxsin xüsusi amansızlıqla qətlə yetirdiklərini, min nəfərdən artıq etnik Azərbaycanlıya ağır xəsarətlər yetirildiyini, digər min nəfərin əsir götürüldüyünü, yüz əlli nəfərin isə itkin düşdüyünü xüsusi həssaslıqla öz məqaləsində qələmə alıb. İnsident zamanı insanlara qarşı ağlasığmaz xəsarətlər yetirilməsini, onların diri-diri doğranmasını, köməksiz anaların gözləri qarşısında övladlarının gözlərinin çıxarılması, çığıran uşaqların şiş uclu alətlərə keçirilməsi barədə müəllifin qələmə aldıqlarını oxuyarkən bu hadisələrdən xəbəri olmayan insanlar belə sarsıntı keçirirlər. Məqalədə bu qanlı cinayəti şüurlu şəkildə vəhşicəsinə həyata keçirənlərin əsir götürülmüş kişilərin gözləri qarşısında onların qadın və qızlarının zorlaması qeyd olunur və erməni silahlı qüvvələrinin və muzdlularının vəhşi zorakılığından çox az sayda insanın qaçıb qurtulduğu bildirilir. Eyni zamanda məqalədə qətlə yetirilənlərin 56 nəfərinin xüsusi amansızlıqla diri-diri yandırılmasından, dərilərinin soyulmasından və başlarının kəsilməsindən bəhs olunur.

Məqalənin davamında T.Marqolis Beynəlxalq ictimaiyyət tərəfindən Xocalı qırğınının pislənildiyini, “Human Rights Watch” və “Memorial” kimi insan hüquqları üzrə təşkilatların bu kütləvi qırğına heç bir halda haqq qazandırıla bilməyəcək hadisə olduğunu elan etməsindən, lakin BMT tərəfindən bu qırğına yetərincə effektiv qiymət verən qətnamə qəbul olunmamasından və beynəlxalq ictimaiyyətin əksər hissəsinin öz diqqətini digər problemlərə yönəldərək tədricən Xocalı faciəsini unutduqlarını təəssüf hissi ilə qeyd edir.

Müəllif məqalədə ermənilərin Xocalıda törətdikləri cinayətlərə görə məsuliyyəti öz üzərilərinə götürmək əvəzinə bu qətliamın Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları tərəfindən həyata keçirildiyini və onların koridor vasitəsilə qaçan insanları gülləboran etdikləri barədə fikirlər səsləndirdiyini qeyd edib.

O qeyd edir ki, ermənilər instinktiv olaraq düşünüblər ki, “beynəlxalq vicdan”ın daha vacib qlobal problemlərə başı qarışacaq və keçmiş Sovet İttifaqının bu ucqar guşəsində altı yüz on üç nəfər qəsəbə sakininin qətlə yetirilməsi kimi “xırda bir hadisə” tez unudulacaq.

Daha sonra müəllif bildirir ki, soyqırım hər hansı ölçü və formasından asılı olmayaraq mənəviyyat və etika baxımından beynəlxalq ictimaiyyət tərəfindən dözülən və qəbul edilən olmamalıdır. Xocalı əhalisinə qarşı həyata keçirilmiş cinayət bütün insanlığa qarşı törədilmiş cinayətdir və ermənilərin əsas məqsədi bu qəsəbəni əhalisi ilə birlikdə yer üzündən silmək olub.

Məqalənin sonunda müəllif dünyanın bütün proqressiv qüvvələrini Ermənistanı Xocalı qətliamına görə məsuliyyəti öz üzərinə götürməyə məcbur etmək üçün inadlı mövqe tutmaqla, Ermənistan və Azərbaycan arasında barışıq əldə olunması yolunda duran maneələrdən birini aradan qaldırmağa, bu iki ölkə arasında münasibətlərin sağlamlaşdırılması və konfliktin ədalətli həllini təmin etməkdə yardımçı olmağa səsləyir.

Bunu etmək əvəzinə, Ermənistan həmişəki kimi ona məxsus təkəbbürlə hərbi qüvvələrinin Azərbaycan ərazisindən çıxarılması üçün beynəlxalq səylərə məhəl qoymadan Azərbaycanın 20% ərazisini işğal altında saxlamağa davam etdiyi bildirilir.

Müəllif öz yazısını bu sözlərlə tamamlayır: "Bu “önəmsiz soyqırım”ı həyata keçirənlərin təkəbbürü belə izah olunur: onlar hesab edirlər ki, daima cəzasız qalacaqlar".