İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan prezidenti: "Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir "

Azərbaycan prezidenti:

02.10.2016

Trend:

Əfsuslar olsun ki, bizim xalqımız humanitar fəlakətlə üzləşib. 90-cı illərin əvvəlində Ermənistanın Azərbaycana etdiyi hərbi təcavüz nəticəsində tarixi torpağımız olan Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon erməni silahlı qüvvələri tərəfindən işğal edilib.

Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Heydər Əliyev Mərkəzində Roma Papası Fransiskin hökümət nümayəndələri, ictimai cəmiyyət və diplomatik korpus ilə görüşündə çıxışında deyib.

Prezident İlham Əliyev bildirib ki, vətəndaşlarımız, 1 milyon azərbaycanlı öz doğma torpağında qaçqın-köçkün vəziyyətinə düşüb: "Torpaqlarımızın 20 faizi işğal altındadır, bizə qarşı etnik təmizləmə siyasəti aparılıb, xalqımıza qarşı Xocalı soyqırımı törədilib ki, bu gün 10 ölkə rəsmən bu soyqırımı tanıyıb. ATƏT iki dəfə işğal edilmiş torpaqlara faktaraşdırıcı missiyalar göndərib. Bu missiyaların hesabatı insanları dəhşətə gətirir. Bizim bütün tarixi, dini abidələrimiz Ermənistan tərəfindən dağıdılıb, məscidlərimiz, qəbirlərimiz dağıdılıb, muzeylərimiz talan edilib. Biz isə öz növbəmizdə Bakıda erməni kilsəsini bərpa etdik və Bakıda yerləşən erməni kilsəsində erməni dilində 5 mindən çox kitab saxlanılır. Bax fərq bundan ibarətdir. Bu onların hərəkətləri, bu da bizim münasibətimiz. Buna görə təsadüfi deyil ki, Azərbaycanı dünyada multikulturalizmin mərkəzi kimi tanıyırlar".

Dövlət başçısı qeyd edib ki, Ermənistan-Azərbaycan münaqişəsinin həllinə gəldikdə, bu münaqişənin həlli beynəlxalq hüquq çərçivəsində həll edilməlidir: "Dünyanın ali qurumu olan BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. Bu qətnamələrdə erməni silahlı qüvvələrinin bizim torpaqlarımızdan dərhal və şərtsiz çıxarılması nəzərdə tutulur. Əfsuslar olsun ki, bu qətnamələr yerinə yetirilmir və 20 ildən çoxdur ki, torpaqlarımız işğal altındadır. Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi bütün başqa münaqişələr kimi ölkələrin suverenliyi və ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Qeyd etdiyim kimi, bu münaqişədən ölkəmiz, xalqımız böyük əziyyət çəkir. Bizim 90-cı illərin əvvəllərində əhalimiz 8 milyon idi, onlardan 1 milyonu qaçqın və məcburi köçkündür. Biz bu humanitar fəlakəti öz gücümüzə həll etdik və həll edirik".