İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyir

Latviya Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyir

04.10.2016

Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Latviya Seyminin sədri İnara Murniesenin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, İ.Murniese Azərbaycana səfəri çərçivəsində ölkəmizdəki inkişafa və Bakı şəhərinin gözəlliyinə heyranlığını ifadə edərək, nümayəndə heyətinə göstərilmiş qonaqpərvərliyə görə təşəkkürünü ifadə edib.

Görüş zamanı Azərbaycan-Latviya, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. İ.Murniese ölkəsinin Azərbaycanın Aİ ilə hərtərəfli əməkdaşlığını dəstəklədiyini bildirib.

Görüşdə parlamentlər arası əlaqələrin genişləndirilməsi və parlament diplomatiyasının əhəmiyyətinə də toxunulub. İnara Murniese Latviya Parlamentində Latviya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun üzvlərinin çox fəal olduğunu qeyd edib.

Nazir E.Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həll olunması ilə bağlı aparılan son danışıqlar barədə ətraflı məlumat verərək, dövlətlərin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc tətbiqi ilə dəyişdirilməsi cəhdinin qəbuledilməz olduğunu vurğulayıb.

İ.Murniese Latviyanın Ermənistan-Azərbaycan münaqişəsinin həllinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəklədiyini bildirib.

Nazir E.Məmmədyarov Latviyanın münaqişə ilə bağlı ölkəmizin haqlı mövqeyini dəstəkləməsinə görə təşəkkürünü ifadə edib. O, həmçinin Latviya Parlamentinin 53 üzvünün iştirakı ilə Xocalı soyqırımına dair bəyanatın qəbul olunmasının yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüşdə iqtisadiyyat, ticarət, enerji və nəqliyyat sahəsində əməkdaşlıq məsələləri və qarşılıqlı maraq kəsb edən digər məsələlər də müzakirə olunub.