İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

Nazir: “Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

11.10.2016

İsveçrədə rəsmi səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası Federal Assambleyasının yuxarı palatası olan Kantonlar Şurasının Sədri Rafael Kontla görüşüb.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazir Azərbaycan-İsveçrə ikitərəfli əlaqələrinin hazırkı səviyyəsindən məmnunluq ifadə edib və iki ölkənin parlamentləri arasında mövcud olan əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib.

Hər iki ölkənin parlamentində dostluq qruplarının fəaliyyət göstərdiyini vurğulayan E. Məmmədyarov parlamentlərarası əlaqələrin ikitərəfli münasibətlərimizin dərinləşməsinə xüsusi töhfə verdiyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan nazir həmsöhbətini münaqişənin həlli ilə bağlı hazırkı durum barədə məlumatlandırıb. O, Azərbaycanın mövqeyini bir daha xatırladaraq qeyd edib ki, münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində beynəlxalq hüququn norma və prinsiplərinə və BMT TŞ-nın məlum qətnamələrinə uyğun həll edilməlidir.

Sonra iqtisadi sahədə əlaqələrə toxunan E. Məmmədyarov 70-dən artıq İsveçrə şirkətinin Azərbaycanda uğurla fəaliyyət göstərdiyini məmnuniyyətlə qeyd edərək, qarşılıqlı faydalı iqtisadi əməkdaşlığın daha da artırılması üçün geniş potensialın mövcudluğuna diqqəti cəlb edib. O, Azərbaycanda köklü iqtisadi islahatların aparıldığını və sərmayə qoyuluşu üçün cəlbedici imkanların olduğunu qeyd edərək, İsveçrə şirkətlərini daha da fəal şəkildə Azərbaycanda qeyri-neft sektoruna sərmayə qoyuluşuna dəvət edib. Nazir Azərbaycanda mühüm nəqliyyat infrastruktur layihələrinin həyata keçirildiyini və İsveçrə şirkətlərinin də buna maraq göstərəcəyinə inandığını bildirib. Bu xüsusda, “Ştadler Reyl” şirkəti ilə Azərbaycan Dəmir Yolları QSC arasında mövcud olan əməkdaşlığın genişləndirilməsi ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov federal müşavir Didye Burkhalterlə “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” saziş imzaladığını qeyd edərək, bunun ölkələrimiz arasında insanlar arasındakı təmasların artmasına ciddi təkan verəcəyinə əminliyini ifadə edib.

Görüş əsnasında həmçinin beynəlxalq təşkilatların parlament ölçüləri çərçivəsində əməkdaşlıq, habelə qarşılıqlı maraq doğuran regional məsələlər müzakirə olunub.