İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

Prezident İlham Əliyev: “Razılığa gəlsək, Dağlıq Qarabağ muxtar respublika ola bilər”

18.10.2016

“Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə münaqişənin həlli mümkündür”.

APA-nın xəbərinə görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev“Sputnik” agentliyinə müsahibəsində deyib. Dövlət başçısı bildirib ki, Dağlıq Qarabağəhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəçiliyinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi, keçmiş DQMV ətrafındakı ərazilərin azad edilməsi nəticəsində iki xalqın sülh şəraitində birgəyaşayışı yolu ilə məqbul kompromislər mümkündür: “Münaqişənin həllini biz bu cür görürük. Bu, hazırda üzərində işlədiyimiz və vasitəçilərin irəli sürdüyü təkliflərlə səsləşir. Lakin məsələnin həllini tapmamasının əsas səbəbi odur ki, Ermənistan 24 ildir, Minsk qrupu yaranandan bəri, danışıqlar prosesindəki ən kiçik irəliləyişin də qarşısını müxtəlif yollarla alır. Bizim mövqeyimiz ondan ibarətdir ki, insanlar harada yaşayırdısa, orada yaşamalıdır. Çünki onlar orada çoxdan yaşayırlar: erməni əhali 200 il, azərbaycanlılar daha çox. Lakin məsələ təkcə bunda  deyil. Məsələn, Şuşada əhalinin 95 faizi azərbaycanlılar idi, onların hamısı qovulub, evləri ya ələ keçirilib, ya da dağıdılıb. Buna son qoymaq lazımdır. Erməni əhali Dağlıq Qarabağda yaşayırdı, qoy yaşasın, biz bunun əleyhinə deyilik. Ermənistan bu münaqişədən nə qazandı? Bəli, milyonlarla azərbaycanlıya iztirab çəkdirdilər, lakin əvəzində özləri xoşbəxt oldular? Bəlkə daha çox inkişaf etdilər, daha təhlükəsiz şəraitdə yaşadılar? Əlbəttə ki, yox. Azərbaycanla münasibətlər normallaşmadan bu regionda inkişaf ola bilməz, onlar daim təzyiq altında yaşayacaqlar ki, birdən nəsə baş verdi. Biz sülh istəyirik və mövqeyimiz kifayət qədər konstruktivdir, lakin biz öz torpaqlarımızı geri istəyirik. Ermənistan isə başqasının ərazilərini geri vermədən sülh istəyir. Fərq bundadır”. 

Prezident qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz: "Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsinə razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Lakin yerli özünüidarəçilik məsələlərində kompromis mümkündür. Əgər razılığa gəlsək, bu özünüidarə Dağlıq Qarabağ Muxtar Respublikası şəklində ola bilər. Bundan artıq kompromisə gedə bilmərik”.