İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Novruz Məmmədov: “Ərazilərimizi azad etmək hüququmuz qalır”

Novruz Məmmədov: “Ərazilərimizi azad etmək hüququmuz qalır”

12.11.2016

“Ermənilərin qondarma rejimin adını və “konstitusiya”sını dəyişmək cəhdi suda boğulanın saman çöpündən yapışması kimidir”.

Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyib. O bildirib ki, Ermənistan indiki ərazisi tarixi Azərbaycan torpaqları olub: “Bu, uzaq tarix deyil. Vaxtilə İrəvanda əhalinin 60 faizindən çoxu azərbaycanlı idi. Yer adlarının da hamısı Azərbaycan adları olub. O adların hamısını dəyişiblər. Amma adı dəyişməklə tarixi dəyişmək mümkün deyil. Gec və ya tez ədalət öz yerini tutacaq. Dünya bunu “Arsax” kimi qəbul edib, problemi belə yazmayacaq. Ermənilər özlərini ağıllı və hər şeyi bilən, başqa xalqlarla yola gedən kimi təqdim etsələr də, normal bir dövlət qurub, öz dövlətlərinin daxili və xarici siyasətlini müstəqil yürüdə bilmirlər. Kiminsə qolunun altında, qucağında olurlar. Ermənilər bütün dövlətlərdə yaltaqlıqla, ikiüzlülüklə mövqe qazanıblar. Buradakıları da qızışdırırlar ki, möhkəm olun, vətənpərvər olun”.

Ermənistan tərəfinin Azərbaycanın keçirdiyi hərbi təlimlərin danışıqlar prosesinin ruhuna zidd olması ilə bağlı mövqeyinə toxunan N. Məmmədovun sözlərinə görə, danışıqlar prosesi var deyə başqa işlər dondurulmalı deyil: “Mən öz ərazimdə öz ordumun təlimlərini keçirirəmsə, bu, niyə problem olmalıdır? Ermənistan Azərbaycanın işğal altındakı ərazisində 45 minlik ordu ilə təlim keçirir, əsl provokasiya budur. Onların iddiaları boş sözlərdir. Biz öz ordumuzu gücləndirməliyik. Ərazilərimizi azad etmək hüququmuz qalır. Bu hüquq BMT sənədlərində də göstərilir”.