İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Elmar Məmmədyarov: Ermənistan münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır

Elmar Məmmədyarov: Ermənistan münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır

15.11.2016

Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmayınca, münaqişənin sülh yolu ilə həlli mümkün deyil.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İspaniyanın EFE agentliyinə müsahibəsində deyib.

XİN rəsmisi bildirib ki, Ermənistan bu reallığı dərk edərsə və öz qoşunlarını işğal olunmuş Azərbaycan ərazilərindən çıxararsa, münaqişə tezliklə həll olunar.

E.Məmmədyarov əlavə edib ki, hazırda Ermənistan nəinki BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərini yerinə yetirir, əksinə münaqişənin mahiyyətindən yayınmaq üçün silahlı təxribatlara əl atır.

O bildirib ki, münaqişə nəticəsində Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib və ölkə əhalisinin hər doqquz nəfərindən biri qaçqın və məcburi köçkün vəziyyətinə düşüb:

“Ermənistan Azərbaycana qarşı müharibəyə başlamasına, ölkəmizə qarşı gücdən istifadəyə, onun ərazilərinin işğalına, işğal olunmuş ərazilərdə etnik təmizləmə və digər ağır cinayətlərin törədilməsinə görə məsuliyyət daşıyır”.

Nazir vurğulayıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq münaqişənin həlli Ermənistana və onun əhalisinə əməkdaşlıq perspektivləri və iqtisadi inkişafdan faydalanmağa imkan yaradacaqdır.

Azərbaycanın Şərqlə Qərbin qovşağında yerləşdiyini deyən nazir ölkəmizin hər iki sivilizasiyanın dəyərlərini daşıdığını və onlar arasında yalnız coğrafi baxımdan deyil, həm də mədəni baxımdan körpü rolunu oynadığını diqqətə çatdırıb:

“Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri mədəniyyətlər və dinlərarası dialoqun təşviq edilməsidir”.

Nazir bu ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna Azərbaycanın paytaxtı Bakı şəhərinin ev sahibliyi etdiyini və ölkəsinin BMT-nin Sivilizasiyalar Alyansı ilə yaxından əməkdaşlıq etdiyini xatırladıb.

İspaniyanın Sivilizasiyalar Alyansına dəstəyini yüksək qiymətləndirən nazir E.Məmmədyarov son illər ərzində Bakı ilə Madrid arasında pozitiv dialoqun inkişaf etdiyini və əlaqələrin gücləndiyini bildirib. O qeyd edib ki, bu ikitərəfli əlaqələrin inkişaf etdirilməsi potensialının və imkanlarının son həddi deyil.

Avropa İttifaqı (Aİ) ilə əlaqələrə toxunan E.Məmmədyarov 2016-ci ildə Aİ ilə əlaqələrdə iki mühüm ildönümün qeyd olunduğunu vurğulayıb:

"Avropa İttifaqı ilə Tərəfdaşlıq və Əməkdaşlıq haqqında sazişin 20 illiyi və Aİ və Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun 10 illiyi".

Nazir deyib ki, son iki onillik ərzində Aİ ilə əlaqələr müxtəlif mərhələlərdən keçib və qarşılıqlı maraq doğuran sahələrdə daha yaxın və qarşılıqlı faydalı əməkdaşlığın inkişafı ilə nəticələnib.

Xarici işlər naziri Azərbaycanın zəngin karbohidrogen resurslarına malik ölkə kimi əhəmiyyətli həcmdə xam neftin Avropa bazarlarına çıxarılmasını təmin etməklə Aİ-nin enerji təhlükəsizliyinə öz əsaslı töhfəsini verdiyini qeyd edib.

O, Aİ ilə enerji sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan qazının ixracını nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsi üzərində işin aparıldığını diqqətə çatdırıb. E.Məmmədyarov bu layihənin Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində və enerji təminatının diversifikasiya olunmasında mühüm amil olduğunu bildirib.

Rusiya ilə əlaqələrə gəlincə, E.Məmmədyarov bu əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və qarşlıqlı faydalı şəkildə inkişaf etdiyini söyləyib:

“Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir, onların 200-ü sırf Rusiya kapitalı, 300-ü isə birgə müəssisə kimi çalışır”.

Nazir Azərbaycanın xarici siyasət prioritetləri sırasına Latın Amerikası ölkələri ilə əməkdaşlığın inkişaf etdirilməsinin də daxil olduğunu vurğulayıb:

"Son illər ərzində Azərbaycan və Latın Amerikası ölkələri qarşılıqlı faydalı əməkdaşlığın inkişafı və dərinləşdirilməsi üçün əsaslı səylər göstərirlər”.