İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Ermənilər Tovuz rayonu istiqamətində atəşkəsi pozublar, iki mülki şəxs yaralanıb

Ermənilər Tovuz rayonu istiqamətində atəşkəsi pozublar, iki mülki şəxs yaralanıb

26.07.2014

Yerli sakinlərin APA-ya verdikləri mlumata görə, bu gün axşam saatlarından başlayaraq Tovuz rayonunun Əlibəyli kəndi Ermənistan silahlı birləşmələri tərəfindən intensiv atəşə tutulub.

Azərbaycan Ordusu düşmənə adekvat cavab verib.

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA-ya verdiyi məlumata görə, atışma nəticəsində Tovuz rayonunun Əlibəyli kəndinin iki sakini, 1997-ci il təvəllüdlü Fərid Nəbi oğlu Məmmədov və 1962-ci il təvəllüdlü Anya Qara qızı Ələkbərova yaralanıblar. Onlar Tovuz Mərkəzi rayon Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxananın baş həkinin müavini Səyyad Yusifov isə APA-ya bildirib ki, Fərid Məmmədov çənəsindən güllə yarası alıb. Anya Ələkbərovaya isə qarının ön divarının küt travması diaqnozu qoyulub. “Görünür, ona güllə dəyməyib. Güllə harasa dəyib və Anya Ələkbərova ya gülləbarandan qaçanda, ya da başqa bir şəraitdə xəsarət alıb”, - baş həkimin müavini deyib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, Ermənistan silahlı birləşmələri Tovuz istiqamətində atəşkəs rejimini pozub. Azərbaycan Silahlı Qüvvələrinin bölmələri düşmənə cavab atəşi verir. Hərbçilər arasında ölən və ya xəsarət alan yoxdur.

Qeyd edək ki, hadisədən bir az sonra Tovuzdan seçilmiş millət vəkili Qənirə Paşayeva yaralılara rayon xəstəxansında baş çəkib. 

Tovuz Mərkəzi rayon Xəstəxanasının baş həkimi Paşa Muradovun APA-ya verdiyi məlumata görə, Bakıdan mobil – tibbi briqada Tovuza yola düşüb. “Mütəxəssislər xəstələrə baxacaqlar. Ehtiyac olsa, onlar Bakıya aparılacaq. Tərəfimizdən hər iki xəstəyə lazımı bütün tibbi müdaxilələr edilib”, deyə P.Muradov bildirib.