İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Ermənistanın növbəti təxribatı qəsdən vəziyyəti gərginləşdirməyə yönəlib

Azərbaycan XİN: Ermənistanın növbəti təxribatı qəsdən vəziyyəti gərginləşdirməyə yönəlib

29.12.2016

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun dekabrın 29-da səhər saatlarında Ermənistan-Azərbaycan dövlət sərhədində törətdiyi növbəti təxribatını və qəsdən vəziyyəti gərginləşdirməyə yönəlmiş əməllərini kəskin şəkildə pisləyir.

XİN-in Trend-ə daxil olan bəyanatında deyilir: "Ermənistan və Azərbaycan Prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərində aparılmış müzakirələrə uyğun olaraq, münaqişənin həlli istiqamətində konkret addımlar atmaq və substantiv danışıqlarda iştirak etmək əvəzinə Ermənistan müxtəlif təxribatçı əməlləri ilə danışıqları pozmağa, Azərbaycana qarşı təcavüzünü davam etdirməyə, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərində öz mövcudluğunu gücləndirməyə, üçüncü tərəfi münaqişəyə cəlb etməyə cəhd göstərərək mövcud status-kvonu saxlamağa çalışır.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı təcavüzünü davam etdirməsi və Ermənistan qoşunlarının Azərbaycanın suveren ərazilərində mövcudluğu regional sülh və təhlükəsizlik üçün başlıca təhdiddir, atəşkəsin pozulmasının və insidentlərin baş verməsinin əsas səbəbidir. Ermənistanın təxribat və təhriki ilə apreldə yaranmış gərginlik bunun bariz nümunəsidir".

Azərbaycan XİN Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının baş katibinin məsələ ilə əlaqədar şərhini birtərəfli hesab edir: "KTMT-nin baş katibinin təşkilatın üzv dövlətlərinin rəsmi mövqeyinə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin mahiyyətinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “Dağlıq Qarabağ respublikası” kimi müraciət etməsi qəbuledilməzdir. KTMT-nin baş katibi hər hansı açıqlama və şərhlə çıxış etməzdən öncə vəziyyəti düzgün təhlil etməli və qiymətləndirməlidir. Ermənistanın KTMT-nin sonuncu Sankt-Peterberq zirvə görüşündən sonra növbəti məyusluğa uğrayaraq, belə bir növbəti təxribata əl atması istisna edilməməlidir".

Bəyanatda qeyd olunur ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələri və Helsinki Yekun Aktı əsasında münaqişənin həll edilməsi, Ermənistanın Azərbaycana qarşı təcavüzü və işğalının nəticələrinin aradan qaldırılması, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə səylərini və substantiv danışıqları davam etdirəcək.