İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN cəbhədə növbəti erməni təxribatı ilə bağlı bəyanat yayıb

Azərbaycan XİN cəbhədə növbəti erməni təxribatı ilə bağlı bəyanat yayıb

31.12.2016

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) cəbhədə növbəti erməni təxribatı ilə bağlı bəyanat yayıb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə daxil olan bəyanatda deyilir ki, son zamanlar Ermənistan tərəfindən Vyana və Sankt-Peterburqda aparılmış danışıqları və münaqişəsinin sülh yolu ilə həlli istiqamətində olan səyləri pozmağa və münaqişənin əhatəsini genişləndirməyə yönəlmiş təxribatların artırılmasına münasibətdə XİN Azərbaycan tərəfinin dərin narahatlığını izhar edir və aşağıdakıları bildirir:

"29 dekabr 2016-cı il tarixində Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupu Ermənistan-Azərbaycan dövlət sərhədini pozaraq növbəti təxribat əməlini həyata keçirib. Ermənistan silahlı qüvvələrinin bu təxribat əməlinin qarşısı alınıb və Ermənistan kəşfiyyat-diversiya qrupu itki verərək geri çəkilməyə məcbur edilib. Hücumun qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Qurbanov Çingiz həlak olub və onun cəsədi Ermənistan tərəfinə aparılıb.

Ermənistan tərəfi ilkin olaraq cəsədin onlarda olduğunu inkar etsə də, sonradan baş vermiş insidentə görə öz məsuliyyətini gizlətmək və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədilə hadisəni Ermənistanın dövlət sərhədinin pozulması kimi təqdim etməyə cəhd göstərib, cəsədin fotolarını sosial şəbəkələrdə yerləşdirməklə mənəvi-etik normaları və insani dəyərləri tapdalayaraq çirkin təbliğata və dezinformasiyaya əl atıb.

Ermənistanın təxribat və təhriki ilə baş vermiş aprel döyüşlərində həlak olmuş Azərbaycan hərbi qulluqçularının cəsədlərində də ölümdən sonra həyata keçirilən çoxsaylı işgəncə əlamətləri qeydə alınmış və onların da fotoları Ermənistan tərəfindən KİV və sosial şəbəkələrdə yerləşdirilmişdi. Azərbaycan silahlı qüvvələrinin hərbi qulluqçusu Mübariz İbrahimovun da cəsədi Ermənistan tərəfindən saxlanılmış, cəsəd üzərində vandalizm əməlləri törədilmiş və yalnız israrlı beynəlxalq təzyiqlər nəticəsində onun cəsədinin bir neçə aydan sonra Azərbaycana qaytarılması təmin olunmuşdu.

Ermənistan beynəlxalq humanitar hüquqa məhəl qoymayaraq döyüş əməliyyatlarında həlak olmuş şəxslərin cəsədlərinə qarşı vandalizm aktı törətmək kimi sistematik siyasət yürüdür və onların qaytarılması məsələsini davamlı olaraq siyasi möhtəkirlik obyektinə çevirir. Beynəlxalq humanitar təşkilatların, xüsusilə şəfqət və humanizm prinsiplərinə əsaslanan Beynəlxalq Qırmızı Xaç Komitəsinin hərbi qulluqçu Çingiz Qurbanovun Azərbaycana verilməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər görməsinə ümid edirik.

Sözügedən hadisə ilə əlaqədar Kollektiv Təhlükəsizlik üzrə Müqavilə Təşkilatının Baş katibi Nikolay Bordyuja səlahiyyət həddini aşmaqla, insidentin mahiyyətini təhrif edərək guya onun Ermənistan ərazisində baş verməsi iddiası ilə çıxış edib. Bununla bərabər, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimə “dağlıq qarabağ respublikası” kimi müraciət edərək, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin şübhə altına qoyulmasına cəhd edib. KTMT-nin Baş katibi tərəfindən səsləndirilən bu məsuliyyətsiz bəyanat ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə aparılan danışıqları pozmağa xidmət edir, eləcə də Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyən təşkilatın digər üzv dövlətləri ilə münasibətlərinin təməl prinsiplərinə ziddir. N.Bordyuja əvvəllər də münaqişə ilə əlaqədar qərəzli bəyanatlarla çıxış edib.

Ermənistanın növbəti silahlı toqquşmanı bilavasitə Ermənistan-Azərbaycan sərhədinə keçirmək və Ermənistana xüsusi münasibəti və rəğbəti ilə seçilən N.Bordyuja kimi siyasətçilərdən istifadə etməklə KTMT-ni münaqişəyə cəlb etmək cəhdləri regionda siyasi gərginliyin artmasına xidmət edir və regional sabitlik və təhlükəsizliyə ciddi təhdid doğurur.

N.Bordjyunanın bu məsuliyyətsiz bəyanatını rədd edirik və təşkilata üzv dövlətlər tərəfindən ona qiymət verilməsini gözləyirik.

Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu münaqişə zonasında gərginliyin və insidentlərin yaranmasının əsas səbəbidir və münaqişənin siyasi həllinə başlıca maneədir.

Azərbaycan beynəlxalq birliyi Ermənistanı sülhə vadar etməyə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin yerinə yetirilməsini tələb etməyə çağırır".