İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edib

Əli Həsənov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edib

30.07.2014

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin (QMKİDK) sədri Əli Həsənov iyulun 30-da Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri, xanım Deniz Duranla yenidən görüşüb.

Komitənin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə Ermənistan Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu ərazisində əsassız olaraq girov götürülmüş Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşları olan Şahbaz Quliyevin azad edilməsi, ermənilərin məlumatına görə qətlə yetirilmiş Həsən Həsənovun isə meyitinin qaytarılması ilə bağlı ətraflı müzakirələr aparılıb.

Ə. Həsənov BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin rəhbərinə ciddi xəbərdarlıq edərək bildirib ki, ilk növbədə H. Həsənovun meyitinin qaytarılması və digər girov götürülmüş şəxslərin azad edilməsi ilə bağlı fəaliyyətlərini gücləndirməlidirlər.

Diqqətə çatdırılıb ki, bütün bunlar ölkə ictimaiyyəti, o cümlədən məcburi köçkünlər tərəfindən beynəlxalq təşkilatlara inamsızlığı artırır: “Bu gün Ermənistan tərəfi girovların və meyitin qaytarılmasında bu cür mövqe nümayiş etdirirsə, gələcəkdə hansı qarşılıqlı etimad əsasında qonşuluq etmək istəyindən söhbət açmaq olar”.

Görüşdə bildirilib ki, bütün bu məsələlər ilk gündən prezident İlham Əliyevin nəzarətindədir və Azərbaycan hökuməti bu problemin həlli ilə gündəlik məşğuldur.

Mətbuat xidmətinin məlumatında o da bildirilir ki, Rusiya Federasiyasının vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan Respublikasının vətəndaşı olan  Şahbaz Quliyevin azad edilməsinə köməklik göstərilməsi ilə bağlı ailə üzvlərinin Rusiya prezidenti Vladimir Putinə ünvanlanmış məlum müraciəti artıq iyulun 28-də xüsusi rabitə vasitəsi ilə Kreml poçtuna daxil olub.

Komitə bir daha Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun yaxınlarına müraciət edərək bildirir ki,  bu məsələdə təmkinli olsunlar.

Görüşdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri Firudin Sadıqov da iştirak edib.

Görüşdən sonra Ə. Həsənov Həsən Həsənovun ailə üzvləri ilə görüşüb.