İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır

Əli Həsənov: Ermənistan havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır

11.01.2017

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov bu gün Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Meri Kroftsla görüşüb.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycan ilə Böyük Britaniya arasında yaxşı əlaqələrin olduğunu deyən Ə.Həsənov Böyük Britaniyadan olan 150-yə yaxın şirkətin qeyri-neft və neft sektorunda fəaliyyət göstərdiyini, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Böyük Britaniyanın beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəklədiyini yüksək qiymətləndirib.

Baş nazirin müavini eyni zamanda Böyük Britaniya vətəndaşları və şirkətlərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri və fəaliyyətinin, ölkəmizin işğal edilmiş ərazilərindəki filiz mədənindən qanunsuz çıxarılmış qızılın Ermənistanda emal olunaraq bir çox Avropa ölkələrində, o cümlədən London Fond Birjasında satışa çıxarılmasının yol verilməz olduğunu səfirin diqqətinə çatdırıb və bu cür xoşagəlməz halların qarşısının alınmasının vacibliyini vurğulayıb.

Dağlıq Qarabağ münaqişəsi, onun yaranma tarixi barədə ətraflı məlumat verən Ə.Həsənov bildirib ki, Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi, qaçqınların və məcburi köçkünlərin doğma yurdlarına qaytarılması ilə bağlı mötəbər beynəlxalq qurumların qəbul etdikləri qərar və qətnamələrin tələblərini Ermənistan hələ də yerinə yetirmir:

“Ermənistan intensiv olaraq danışıqlar prosesini pozur. Ermənistan hakimiyyəti münaqişənin həllini istəmir, havadarlarının köməyi ilə torpaqlarımızı işğal altında saxlayır və qeyri-konstruktiv mövqe tutmaqda davam edir. Dünya birliyi isə işğalçı ölkəyə heç bir təzyiq göstərmir”.

Son 20 ildə Ermənistanın heç bir nailiyyət əldə etmədiyini bildirən Baş nazirin müavini Ə.Həsənov vurğulayıb ki, ötən dövrdə bu ölkənin iqtisadi vəziyyəti olduqca pisləşib, işğalçı dövlət Azərbaycanın iştirakı ilə reallaşdırılan beynəlxalq və regional layihələrdən kənarda qalıb.