İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazir: Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcək

Baş nazir: Pakistan Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcək

13.02.2017

Azərbaycanın Pakistandakı fövqəladə və səlahiyyətli səfiri Əli Əlizadə bu ölkənin Pəncab əyalətinə səfəri zamanı əyalətin baş naziri Şahbaz Şərif ilə görüşüb.

Səfirlikdən Trend-ə verilən məlumata görə, səfir Azərbaycanla Pakistanın bir-birinə göstərdiyi dəstəyin qardaşlıq münasibətlərinin bir təzahürü olduğunu, ötən dövr ərzində Pakistan Prezidentinin və Baş nazirinin Azərbaycana uğurlu səfərlərinin həyata keçirildiyini, iki ölkə arasındakı iqtisadi və ticari əlaqələrin daha da inkişafı istiqamətində səylərin artırıldığını bildirib.

Ölkə rəhbərliyinin tapşırığı əsasında, Azərbaycanın müvafiq biznes heyətinin Pakistanın İslamabad, Ravalpindi və Pəncab əyalətinin Lahor şəhərlərinə səfər etdiyini, iş adamlarının ikitərəfli səmərəli görüşlərinin baş tutduğunu və özünün də Azərbaycan heyətini müşayiət etdiyini bildirən səfir, Pakistanın Pəncab əyaləti ilə də iqtisadi-ticari əlaqələrin genişləndirilməsində azərbaycanlı iş adamlarının maraqlı olduğunu qeyd edib. Ə.Əlizadə həmçinin, Pəncab əyalətinin Multan şəhəri ilə Azərbaycanın Gəncə şəhərinin qardaşlaşmış şəhərlər olduğunu, Lahor şəhəri ilə də əlaqələrin daha artırılması imkanları ilə bağlı fikir mübadiləsi aparıb.

Pəncab əyalətinin baş naziri Ş.Şərif Pakistanın Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyəcəyini və Pəncab əyalətinin də Azərbaycanla əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Baş nazir Azərbaycanın biznes heyətinin Lahor şəhərinə səfərinin iqtisadi-ticari əlaqələrin inkişafına müsbət təsirini göstərəcəyini, cari ilin aprel ayında Pəncab əyalətində biznes imkanları ilə bağlı keçiriləcək beynəlxalq konfransda Azərbaycanın iqtisadi nümayəndə heyətinin də iştirakının məmnunluqla qarşılanacağını bildirib.