İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

“Dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi haqda mif

“Dondurulmuş” Dağlıq Qarabağ münaqişəsi haqda mif

02.03.2017

Ötən həftə BMT-nin baş katibi Antonio Quterreş qurumun Təhlükəsizlik Şurasında Avropadakı münaqişələrlə bağlı açıq debatda bildirib ki, Dağlıq Qarabağ problemi ilə bağlı tez-tez istifadə olunan “dondurulmuş münaqişə” ifadəsi insanları yanlışlığa aparır.

O, hesab edir ki, bu problemin həllilə bağlı sülh müqaviləsi imzalanmaz və tətbiq edilməzsə, zorakılığın yenidən başlaması riski qalır: “Biz Cənubi Qafqazda, Dağlıq Qarabağda ötən ilin aprelində bunun şahidi olduq”.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun müddətdir ki, “dondurulmuş münaqişə” adlandırılır. Lakin ötən ilin aprelində baş vermiş eskalasiya onun guya “dondurulğu” haqda mifi dağıdıb. 2016-cı il aprelin əvvəllərində Ermənistanla Azərbaycan Silahlı Qüvvələri arasında təmas xətti boyu baş vermiş toqquşma əslində status-kvonun dəyişdiyini göstərib. Həmin vaxt Azərbaycan ordusu Ermənistanın təxribatlarına uğurlu əks-həmlə ilə cavab verərək, 1994-cü ildə imzalanmış atəşkəs razılaşmasından sonra ilk dəfə işğal altındakı strateji yüksəlikləri azad edib.

Bu “4 günlük müharibə” beynəlxalq vasitəçilərin səylərinə yeni dinamizm gətirib. Aprel toqquşması göstərib ki, genişmiqyaslı müharibənin qarşısını almaq üçün, münaqişənin yekun həllinə göstərilən səylər böyük əhəmiyyətə malikdir.

Azərbaycan və Ermənistan prezidentlərinin Vyana və Sankt-Peterburq görüşlərindən sonra, təmas xətti boyu atəşkəs rejiminə əsasən əməl olunub. Lakin aprel eskalasiyasından sonra, Azərbaycan və Ermənistan qoşunlarının Dağlıq Qarabağ ətrafındakı təmas xətti postsovet məkanının ən çox hərbiləşmiş bölgəsinə çevrilib. Qeyd edək ki, aprel eskalasiyasından dərhal sonra Ermənistan Rusiya ilə hələ 2015-ci ilin iyulunda imzaladığı 200 milyon dollarlıq kredit razılaşmasına əsasən, bu ölkədən yeni silahların və müasir hərbi avadanlıqların tədarükünə başlayıb. Ermənistan Rusiya istehsalı olan “İsgəndər-M” ballistik raketlərini əldə edib. 2016-cı il sentyabrın 21-də isə Yerevanda Müstəqillik gününə həsr edilmiş hərbi paradda o, ballistik raketlərinin bir hissəsini nümayiş etdirib.

Ümumiyyətlə, təmas xətti boyu atəşkəs rejimin pozulması həmişə adi hal olub. Bu üzdən hər il onlarla insan həyatını itirir. Bu yaxınlarda, yəni 2017-ci ilin 25 fevralında atəşkəs yenidən pozulub. Ermənistan hərbi birləşmələri bütün cəbhə boyu irimiqyaslı təxribatlar törətmək məqsədilə müxtəlif istiqamətlərdən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə soxulmağa, Xocavənd-Füzuli istiqamətində əlverişli mövqeləri ələ keçirməyə cəhd göstərib.

Bu məqamda bərpa olunan sülh danışıqlarının iflasa uğraması yeni eskalasiya riskini artırır. Sülh danışıqlarının iflasa uğraması halında isə Azərbaycan ərazi bütövlüyünü bərpa etmək üçün yeganə mümkün varianta, yəni hərbi gücə əl ata bilər.

Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu BMT Təhlükəsizlik Şurasının qətnamələri daxil olmaqla, bir çox beynəlxalq təşkilatların sənədlərilə təsdiqlənib.

Bu qətnamələrdə hərbi əməliyyatların dərhal dayandırılması, o cümlədən Azərbaycanın işğal altındakı ərazilərindən Ermənistan ordusunun tamamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Lakin BMT Təhlükəsizlik Şurasının yerinə yetirilməsi məcburi olan hüquqi qətnamələri kağız üzərində qalır. Halbuki, Təhlükəsizlik Şurası qətnamələrinin tələblərini yerinə yetirməyən BMT üzvlərinə sanksiyalar tətbiq etmək iqtidarındadır.

BMT-nin, xüsusilə də Təhlükəsizlik Şurasının fəaliyyətinin kifayət qədər effektli olmamasının səbəblərindən biri, bəzi hallarda qurumun qəbul etdiyi qətnamələrə əməl edilməsi üçün lazımi istəyin, bacarığının olmamasıdır. BMT-nin uğursuzluğu təkcə quruma olan inamın itirilməsi ilə nəticələnmir. Bu, həm də beynəlxalq təhlükəsizliyə və sülhə təhdid yaradır.

Rəsmi Bakı dəfələrlə bəyan edib ki, münaqişənin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq birlik tərəfindən tanınmış sərhədləri çərçivəsində, beynəxalq hüququn prinsiplərinə uyğun, danışıqlar yolu ilə həllinə üstünlük verir. Lakin danışıqlar prosesinin, o cümlədən münaqişənin sülh yolu ilə həllinə göstərilən səylərin uğursuzluqla nəticələnməsi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi üçüb bir variantın – hərbi yolun qaldığı anlamına gəlir.

Nəcibə Mustfayeva