İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Məmmədyarov: "Ermənistan qoşunları Qarabağda olduğu müddətdə, əlbəttə ki, insidentlər baş verəcək"

Məmmədyarov:

07.03.2017

"Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycanın xarici siyasətinin əsas prioritetidir".

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiya Diplomatik Akademiyasında çıxışında deyib.

Nazir münaqişənin bu günə kimi həll edilməməsinin regionun inkişafına əsas maneə olduğunu söyləyib: "Artıq 30 ilə yaxındır, həm Azərbaycan, həm də Ermənistan bu problemlə üz-üzə qalıb. Dünən biz Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını detallı müzakirə etdik. Təkcə biz nazirlər yox, Azərbaycan və Rusiya prezidentləri də görüşlərində bu məsələni mütəmadi müzakirə edirlər".

Azərbaycan XİN başçısı Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi üçün Ermənistanın siyasi iradə göstərməli olduğunu vurğulayıb: "Bu münaqişənin həlli ilə məşğul olanlar yaxşı bilirlər ki, əsas problem nədən ibarətdir. Münaqişənin həlli üçün ilk növbədə Ermənistan qoşunları işğal altındakı Azərbaycan ərazilərini tərk etməli, regionun təhlükəsizliyi təmin olunmalıdır. Daha sonra azərbaycanlı məcburi köçkünlər doğma yurdlarına qayıtmalıdırlar. Sonra regionun kommunikasiyası bərpa olunmalı, dəmiryolu xətti bərpa edilməlidir. Bütün bunlar regionun iqtisadi inkişafına kömək edəcək. Daha sonra isə Dağlıq Qarabağın statusu məsələsinə baxılmalıdır. Dünən Lavrovla görüşdə də bunları müzakirə etdik. Bir daha qeyd edirəm ki, əsas məsələ Ermənistan qoşunlarının kazarmaya qayıtmasıdır. Bütün bu məsələlər ardıcıllıqla həll olunacaq".

Qoşunların təmas xəttində yaşanan gərginlikdən danışan Azərbaycan XİN başçısı bildirib ki, təmas xəttində insidentlərin araşdırılması üzrə monitorinqin aparılması ilə Azərbaycan tərəfi razıdır: "Deyirlər ki, gəlin qoşunların təmas xəttində insidentləri araşdırılması üçün monitorinq quraq. Biz də deyirik ki, buyurun. Lakin bu, böyük planın tərkib hissəsi olmalıdır. Ermənistan qoşunları həmin ərazilərdən çıxsın, sonra bunu edək. Qoşunlar orda olduğu müddətdə əlbəttə ki, insident də baş verəcək".