İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Fransalı senator: Parlament diplomatiyası Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər

Fransalı senator: Parlament diplomatiyası Qarabağ münaqişəsinin həllinə müsbət təsir edə bilər

10.03.2017

Trend:

Xarici işlər naziri Elmar Məmmədyarov Fransa Respublikası Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşarın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə Azərbaycan-Fransa ikitərəfli münasibətlərinin müxtəlif istiqamətləri, o cümlədən Fransız şirkətlərinin Azərbaycandakı uğurlu fəaliyyəti, habelə enerji, nəqliyyat, humanitar, təhsil və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

E.Məmmədyarov Fransa şirkətlərinin Azərbaycan iqtisadiyyatına yatırdığı sərmayələrdən, Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri kimi fəaliyyəti, ölkəmizdə açılan fransız litseyi və Azərbaycan-Fransız universitetindən (UFAZ) söz açıb və Azərbaycanın Beynəlxalq Frankafoniya təşkilatı ilə əməkdaşlıq məsələlərinə toxunub.

Nazir yüksək səviyyədə həyata keçirilən səfərlərin ikitərəfli əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini bildirib.

A.Reyşar səfərlərinin məqsədinin Azərbaycan-Fransa münasibətləri haqqında daha geniş bilgiyə malik olmaq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi barədə məlumatlanmaq olduğunu bildirib. O, həmçinin parlament diplomatiyasının Ermənistan-Azərbaycan münaqişəsinin həllinə müsbət təsir edə biləcəyini qeyd edib və təmasların artırılmasının əhəmiyyətindən danışıb.

E.Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar, ölkəmizin münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ədalətə əsaslanan mövqeyi barədə məlumat verib. O, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı və azərbaycanlı qaçqın və məcburi köçkünlərin geri qayıtmalı olduğunu bəyan edib. Nazir münaqişənin həlli prosesinin hər kəsə aydın olduğunu və bu xüsusda irəliyə doğru addım atmaq üçün Ermənistanın siyasi iradə nümayiş etdirməli olduğunu vurğulayıb.

Görüş əsnasında E.Məmmədyarov fransalı senatorların regional, ikitərəfli məsələlər, habelə ATƏT-in Minsk Qrupunun fəaliyyəti bağlı suallarını cavablandırıb.