İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Belçikada Qarabağ atı abidəsinin açılışı olub

Belçikada Qarabağ atı abidəsinin açılışı olub

26.03.2017

Martın 25-də Belçikanın Ham şəhərində Qarabağ atı abidəsinin açılışı keçirilib.

AzərbaycanIN Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfirliyi/Avropa İttifaqı yanında Nümayəndəliyindən APA-ya verilən məlumata görə, Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib və şəhərin mərkəzi  meydanında ucaldılıb.

Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib. Eyni zamanda öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirib. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada  Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Belçikadakı səfiri Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd edib. F. İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləyib.

Açılış tədbiri çərçivəsində Azərbaycanla bağlı film nümayiş etdirilmiş, eləcə də Ham şəhəri sakinləri üçün Novruz şənliyi də təşkil edilib.