İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Penitensiar xidmətin şəxsi heyəti “Virtual Qarabağ”-ın fəaliyyəti ilə tanış olub

Penitensiar xidmətin şəxsi heyəti “Virtual Qarabağ”-ın fəaliyyəti ilə tanış olub

30.03.2017

31 mart azərbaycanlıların soyqırımı günü ərəfəsində Ədliyyə Nazirliyi Penitensiar xidmətin şəxsi heyəti “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin fəaliyyəti ilə tanış olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına uyğun yaradılan mərkəzin fəaliyyəti ilə şəxsi heyəti mərkəzin rəhbəri, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri, Respublika Prezidenti yanında “Gəclər fondu” Müşahidə Şurasının üzvü Nurəddin Mehdiyev tanış etmişdir.

Tədbirdə son iki əsr ərzində Azərbaycan xalqına qarşı törədilən etnik təmizləmə siyasətindən, 1918-ci ilin mart-aprel aylarında Bakı şəhərində, eləcə də Bakı quberniyasının müxtəlif bölgələrində, habelə Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlardan bəhs edilmişdir. Qeyd olunmuşdur ki, ötən əsrlərdə baş vermiş hadisələrin obyektiv qiymətləndirilməsinə həmin dövrün mövcud şəraiti imkan verməmişdir. Ermənilərin Azərbaycan xalqına qarşı mərhələlərlə həyata keçirdikləri etnik təmizləmə və soyqırım siyasəti yalnız müstəqillik dövründə əsl hüquqi-siyasi qiymətini almışdır. 1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərman erməni millətçilərinin planlaşdırılmış və düşünülmüş şəkildə həyata keçirdikləri soyqırım siyasətinə verilən dolğun və hərtərəfli siyasi qiymət, erməni məkrini tarixi faktların dili ilə ifşa edən mühüm sənəddir. “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin yaradılmasında əsas məqsədin Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının yaradılmasından, Qarabağ bölgəsi haqqında, Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə dolğun və obyektiv məlumatın çatdırılmasından ibarət olduğu nəzərə çatdırılmış, Mərkəzin fəaliyyəti haqqında ətraflı məlumat verilmişdir.

Tədbirin sonunda şəxsi heyətə “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan: gizlədilmiş həqiqətlər” sənədli filmi nümayiş etdirilmişdir.