İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Prezident İlham Əliyev: Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi

Prezident İlham Əliyev: Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi

31.03.2017

Ermənistan öz müstəqil həyatını Azərbaycan torpaqlarının işğalına qurban verdi.

Trend-in məlumatına görə, bu fikirləri Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev aprel qələbələrinin ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə söyləyib.

Dövlətimizin başçısı qeyd edib: "Deyə bilərəm ki, Ermənistan öz müstəqil həyatını, bax, bu işğala qurban verdi. Çünki əgər bu işğal olmasaydı, əgər onlar Azərbaycanla münasibətləri normal qura bilsəydilər, bu gün Ermənistan müstəqil ölkə kimi bəlkə də özünü göstərə bilərdi. Ancaq bu gün hamı bilir ki, Ermənistan müstəqil dövlət deyil. Onlar bu işğala görə müxtəlif ölkələrdən, müxtəlif xarici dairələrdən, beynəlxalq maliyyə qurumlarından, demək olar ki, tam asılı vəziyyətə düşüblər. Çünki bunların iqtisadiyyatı iflic vəziyyətindədir, xarici borc kritik həddə çatıb, yoxsulluq demək olar ki, 40-50 faiz səviyyəsindədir, heç bir perspektiv yoxdur. Bunlar öz xalqını nə qədər aldadacaqlar? Ona görə də bu vəziyyətə düşmələrinin əsas səbəbi onların işğalçı siyasətidir. Bu gün bu yolu seçmiş Ermənistan rəhbərliyi öz xalqını uçuruma aparır".

Prezident bildirib ki, Azərbaycan isə müstəqillik dövründə əsl müstəqil ölkəyə çevrildi:

"Biz sübut etdik ki, bizim taleyimiz öz əlimizdədir, heç bir kənar qüvvə bizə heç nəyi diktə edə bilməz və tarix bunu göstərdi. Biz ləyaqətlə yaşayırıq, dünya arenasında öz maraqlarımızı müdafiə edirik və sözümüzü deyirik. Ermənistan isə demək olar ki, bütün bu imkanlardan məhrum olub və bu, əlbəttə, heç bir ölkəyə başucalığı gətirmir. Ona görə, bugünkü Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə ki, onların maraqları üçün işğala son qoyulmalıdır, məsələ o qədər tez həllini tapar, sülh bərpa olunar və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edər".