İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Sergey Lavrov: “Soçidə Putinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulur”

Sergey Lavrov: “Soçidə Putinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulur”

04.08.2014

ATƏT-in Minsk qrupu tərəflərin Dağlıq Qarabağ münaqişəsi nizamlanmasının siyasi prinsiplərinin yer alacağı sazişi imzalaması üçün xeyli səy göstərir.

APA-nın məlumatına görə, bunu İTAR-TASS-a müsahibəsində Rusiya xarici işlər naziri Sergey Lavrov deyib. 

“Şübhəsiz ki, təmas xəttində baş verənlər narahatlıq doğurur. Tərəflər bir-birini təxribatları törətməkdə ittiham edir. Belə hallar əvvələr də olub. Təəssüf ki, artıq illərdir biz dövri olaraq gərginliyin artması hallarını müşahidə edirik, lakin bu dəfə bütün bunlar həssaslıqla qəbul və təqdim olunur. Xeyli sayda insan ölüb və biz digər ölkələrlə, o cümlədən ATƏT-in Minsk qrupu həmsədrləri ilə tərəfləri ehtiyatlı olmağa, növbəti dəfə zorakılığın artmasına səbəb olacaq addımlar atmamağa çağırmışıq”, - deyə o vurğulayıb.

Lavrov bildirib ki, həftəsonu Soçidə Rusiya prezidentinin Ermənistan və Azərbaycan prezidentləri ilə ayrı-ayrı görüşləri nəzərdə tutulub: “Onlar eyni vaxtda bir yerdə olanda, güman ki, Dağlıq Qarabağ haqqında söhbətsiz keçinmək mümkün olmayacaq. Lakin bunun necə təşkil olunacağı özümüzdən asılıdır. Əlbəttə ki, azərbaycanlı və ermənistanlı tərəfdaşlarımızla ATƏT-in Minsk qrupu tərəfindən etimad mühitinin möhkəmləməsi və münaqişə risklərinin azaldılmasına necə yardım edə bilməyimizi müzakirə edəcəyik”.

Rusiya XİN başçısı qeyd edib ki, Qarabağ münaqişəsinə hər iki tərəfdən olduqca həssas yanaşma var. “Biz Minsk qrupunun həmsədri olaraq amerikalı və fransalı tərəfdaşlarımızla birgə nizamlanma prinsiplərinin yer alacağı sənədin imzalanmasına maneçilik törədən bəzi məsələlərin həlli üçün xeyli səy göstəririk. Tərəflərin özləri üçün məqbul paketi formalaşdırması bu məsələləri lazımi səviyyəyə gətirib çıxarmaq mümkündür”, - deyə o vurğulayıb.

Lavrov qeyd edib ki, münaqişənin nizamlanmasında istifadə olunacaq prinsiplərin yer alacağı siyasi bəyanatın qəbulu bölgədəki vəziyyətin normallaşmasına xidmət edə bilər: “Bunu etmək çətindir. Bu vaxtadək xeyli cəhdlər olub və hər dəfə bizə elə gəlirdi ki, artıq çox önəmli mərhələyə çatmışıq, lakin sonda buna nəsə mane olurdu. Ona görə də proqnozlar verməyəcəm”.

Rusiyalı nazir xatırladıb ki, bir müddət öncə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin görüşündə etimad tədbirlərinin gücləndirilməsinin vacibliyi ilə bağlı razılıq əldə olunub. “Əgər atışma olursa, həmin an meyitlərin qaytarılması, əsirlərin mübadiləsi kimi məsələləri və hansısa əlavə addımları razılaşdırmaq lazımdır ki, təmas xəttindəki durum sabitləşsin”.