İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Baş nazir: İordaniya Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanı dəstəkləyir

Baş nazir: İordaniya Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanı dəstəkləyir

12.05.2017

İordaniya beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəkləyir.

Trend-in məlumatına görə, bunu Baş nazir Artur Rasi-zadə bu gün ölkəmizdə səfərdə olan İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravnehin başçılığı ilə nümayəndə heyətini qəbul edərkən deyib.

Azərbaycanla İordaniya arasında siyasi münasibətlərin dövlət başçıları səviyyəsində daim inkişaf etdiyini vurğulayan A.Rasi-zadə, həmçinin ölkələrimiz arasında turizm, ticarət, mədəniyyət, sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlığın mövcudluğunu nəzərə çatdırıb. İkitərəfli faydalı əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu xatırladan A.Rasi-zadə qonaqların Bakıya səfərinin də qarşılıqlı təcrübə və fikir mübadiləsi baxımından səmərəli keçəcəyinə, həmçinin əməkdaşlığın hüquqi bazasının təkmilləşdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Beynəlxalq terrorizm, ekstremizm və etnik separatçılıq meylləri ilə mübarizə kontekstində Ermənistanın hərbi təcavüzkarlıq siyasətinə toxunan Baş nazir İordaniyanın beynəlxalq tədbirlərdə Dağlıq Qarabağ münaqişəsinin müzakirəsində Azərbaycanın haqq işini dəstəklədiyini, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə tərəfdar olduğunu məmnunluqla qeyd edib.

İordaniya parlamentinin Nümayəndələr Palatasının sədri Atef Yusif Saleh əl-Taravneh öz ölkəsinin Azərbaycanla əlaqələrə böyük əhəmiyyət verdiyini, regionun ən inkişaf etmiş zəngin ölkəsi ilə əməkdaşlığa xüsusi maraq göstərdiyini deyib.

Daha sonra Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında İordaniya idmançılarının da geniş heyətlə iştirakını xatırladan Atef Yusif Saleh əl-Taravneh, bu iri miqyaslı beynəlxalq idman tədbirinin xalqlar arasında sülhə, dostluğa, əmin-amanlığa xidmət edəcəyini vurğulayıb.