İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Çilili jurnalist: Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla Cənubi Qafqazda sülhə nail oluna bilər

Çilili jurnalist: Dağlıq Qarabağı Azərbaycana qaytarmaqla Cənubi Qafqazda sülhə nail oluna bilər

06.06.2017

Dağlıq Qarabağın müzakirəsiz və qəti şəkildə Azərbaycanın suverenliyinə qaytarılması yolu ilə Cənubi Qafqazda sülhə nail olunması əsas vəzifədir.

Trend-in məlumatına görə, bu barədə tanınmış çilili jurnalist və beynəlxalq analitik Pablo Xofrenin “Dağlıq Qarabağ: işğal altındakı ərazi” başlıqlı məqaləsində bildirilir.

Məqalə Çilinin “Diario y radio Universidad de Chile” xəbər saytında, Latın Amerikasının bir çox ölkəsində yayımlanan “Telesur TV” telekanalının internet səhifəsində, İspaniyanın “Tercerainformacion” xəbər portalında, habelə “Rebelion” xəbər agentliyi tərəfindən nəşr olunub.

Müəllif məqalədə mühüm geostrateji mövqedə yerləşən Azərbaycanın 20% torpaqlarının artıq 25 ildən çoxdur ki, Ermənistan tərəfindən işğal altında saxlanıldığını qeyd edərək SSRİ-nin süqutunun ardınca Dağlıq Qarabağdakı separatçıların özlərini müstəqil elan etmələrinin iki keçmiş sovet respublikası arasında birbaşa hərbi qarşıdurmanın başlanmasına səbəb olduğunu yazır.

Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsi barədə BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən bəhs edən müəllif həmin qətnamələrdə çox aydın şəkildə Ermənistanın öz işğalçı qoşunlarını işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarmalı olduğunun qeyd olunduğunu, beynəlxalq hüququn norma və prinsiplərini nəzərə alaraq Ermənistanın həmin ərazilər üzərində heç bir hüququnun olmadığını və onun bu ərazilərdə mövcudluğuna dair danışıqlar aparılmasının mümkün olmadığını bildirir. Buna görə də, Ermənistanın ona aid olmayan əraziləri işğal etmək məqsədi ilə Azərbaycana qarşı silahlı təcavüzünün baş verdiyini və münaqişənin beynəlxalq hüququn BMT Nizamnaməsinin 51-ci maddəsində əks olunan hərbi təcavüz qarşısında özünümüdafiə hüququ prinsipi nöqteyi nəzərindən dərinləşdiyini qeyd edir.

Müəllif vurğulayır ki, hüquqi nöqteyi nəzərdən 1988-1991-ci illərdə Dağlıq Qarabağ münaqişəsi və gücdən istifadə SSRİ-nin sərhədləri çərçivəsində və imperiya tərkibində olan iki dövlət arasında baş verdiyindən öz xarakterinə görə regional hesab edilsə də, SSRİ-nin dağılması ilə münaqişənin iki müstəqil dövlət arasında davam etməsi və ərazilərin işğalı olunması bu münaqişənin beynəlxalq münaqişəyə çevrilməsinə gətirib çıxarıb.

O qeyd edir ki, Azərbaycan Prezidenti İlham Əliyevə görə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrindən kənara çıxmaqla münaqişə ilə bağlı hər hansı mövzunun müzakirəsi mümkün deyildir: “Nə üçün bu fikir bu qədər kəskindir? Çünki Azərbaycan Prezidentinin istinad etdiyi və 1993-cü ildə qəbul edilmiş 822, 854, 874, 884 saylı həmin qətnamələrdə Azərbaycan Respublikasının və regionun digər bütün ölkələrinin ərazi bütövlüyü və suverenliyi, habelə beynəlxalq sərhədlərinin toxunulmazlığı və hər hansı ərazinin işğalı məqsədilə gücdən istifadənin qəbuledilməzliyi aydın şəkildə bildirilib".

Müəllif bildirir ki, BMT TŞ-nin bu qətnamələri Ermənistan hökuməti tərəfindən heç bir şəkildə yerinə yetirilməyib, əksinə Ermənistan həmin vaxt öz təcavüzkar aktlarını digər rayonlar istiqamətində də genişləndirərək onları işğal etmiş və burada hərbi mövcudiyyətini artırmışdır ki, erməni işğalçı qüvvələri Dağlıq Qarabağ və ətraf yeddi rayona nəzarət etsin: “Halbuki, əməl olunmadığı təqdirdə güc tətbiqi vasitəsilə icrasının həyata keçirilməsi də daxil olmaqla sanksiyalar nəzərdə tutan bu qətnamələr “hərbi əməliyyatların təcili olaraq dayandırılmasını, Azərbaycanın ərazilərindən bütün işğalçı qoşunların təcili, tamamilə və qeyd-şərtsiz çıxarılmasını” tələb edirdi”.

Müəllif münaqişənin ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin vacibliyini vurğulayaraq qeyd edir ki, heç şübhəsiz bu prinsip Ermənistanın üzərinə işğal olunmuş əraziləri Azərbaycan dövlətinə qaytarmaq öhdəliyi qoyur.

Müharibənin qızğın vaxtlarında minlərlə insanın həlak olduğunu, öz doğma yurdlarında, Dağlıq Qarabağda, habelə Ermənistanda yaşayan azərbaycanlıların yaşadıqları torpaqları tərk etməli olduqlarını ifadə edən müəllif, Dağlıq Qarabağ və ətraf yeddi rayon daxil olmaqla Azərbaycanın 20% ərazisinin Ermənistan tərəfindən işğal olunduğunu, bu rayonların geri qaytarılmasının münaqişənin hər hansı mümkün həlli üçün əsas şərt kimi Azərbaycan tərəfindən tələb edildiyini qeyd edir. Ermənistanın isə Laçın rayonu vasitəsilə Dağlıq Qarabağla onun arasında fiziki əlaqə təşkil edəcək Laçın koridorunun saxlanılmasını tələb edərək bu rayonları qaytarmaqdan imtina etdiyini bildirir.

Beynəlxalq analitik Ermənistanla Azərbaycan arasında 1988-ci ildən bəri davam edən münaqişənin 2016-cı ilin aprel ayında gərgin həddə çatdığını, itkilərlə nəticələndiyini və Rusiya, Türkiyə, İran kimi regional gücləri hərəkətə gətirdiyini, habelə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini yenidən aktivləşdirdiyini qeyd edir: “Minsk Qrupu əsas vəzifə kimi münaqişənin sülh yolu ilə həllini, hər şeydən əvvəl bütün işğal olunmuş ərazilərin qaytarılmasını, qaçqınların öz yurdlarına qayıtmaq hüququnun təmin edilməsini, sülhməramlı əməliyyatlar daxil olmaqla təhlükəsizliyin təmin olunması ilə erməni sakinlərə muxtariyyətin mümkünlüyünü və Ermənistanla sözügedən koridoru nəzərdə tutan Madrid Prinsiplərini ortaya qoymuşdur”.

Jurnalist dünyanın heç bir dövləti tərəfindən tanınmayan Dağlıq Qarabağ haqqında Ermənistan XİN-nin bu ilin aprel ayında bu ərazilərin heç vaxt və heç bir halda Azərbaycanın tərkib hissəsi olmayacağını və Dağlıq Qarabağın öz müqəddəratını təyin etmək hüququnun reallaşdırılmasından geri dönülməyəcəyini bildirən bəyanatına istinad edərək işğalçı qüvvələr ərazilərin qaytarılmasının hər hansı mümkünlüyünü rədd etdiyi müddətcə münaqişənin həllinin çətin olduğuna diqqət çəkir.
“Azərbaycan hökuməti hesab edir ki, işğal olunmuş ərazilərdə yeni konstitusiyanın qəbulu üçün referendum keçirilməsinin məntiqi olaraq heç bir hüquqi nəticəsi yoxdur, bu, münaqişənin mümkün həll yollarına maneçilik yaradır və bir daha göstərir ki, Ermənistan münaqişənin siyasi yolla həllində maraqlı deyil” – deyə müəllif əlavə edir.

İşğal olunmuş Dağlıq Qarabağda konstitusiya layihəsinə dair “referendum” keçirildiyini xatırladan jurnalist, dünyanın heç bir dövləti tərəfindən tanınmayan bu “referendum”ları heç bir hüquqi dəyəri olmayan, sadəcə olaraq maraq çəkmək məqsədi daşıyan və suni addımlar olaraq dəyərləndirirərək keçirilən son “referendum”un ATƏT və Avropa Birliyi də daxil olmaqla, geniş şəkildə beynəlxalq icitimaiyyət tərəfindən qınandığını, “referendum”un nəticələrinin illeqal hesab edildiyini və Azərbaycanın suverenliyinin bərpasının vacibliyinin yenidən ifadə edildiyini yazır.

Sonda beynəlxalq analitik Dağlıq Qarabağın müzakirəsiz və qəti şəkildə Azərbaycanın suverenliyinə qaytarılması yolu ilə Cənubi Qafqazda sülhə nail olunmasının əsas vəzifə olduğunu, bunun təkcə bu regionun gələcək inkişafı üçün deyil, həm də Yaxın Şərq və Mərkəzi Asiya regionlarında sülh üçün vacib olduğunu hesab etdiyini bildirir.