İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Hikmət Hacıyev: "Ermənistanın substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var"

Hikmət Hacıyev:

14.06.2014

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin APA-ya müsahibəsi

- Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın Estoniya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında səsləndirdiyi fikirlər barədə nə deyə bilərdiniz?

- Belə təəssürat yaranır ki, Ermənistan XİN-də ya Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin nə olduğunu bilmirlər, ya da qəsdən Helsinki Yekun Aktı və BMT Nizamnaməsini təhrif edərək erməni xalqını aldatmağa çalışırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrini təhrif etmək səlahiyyəti heç kimə verilməyib. Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi cəhdlərinin qəbuledilməzliyini vurğulayır. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.

Ünvanlı bəyanatlardan danışan Ermənistan XİN rəhbərinə yalnız ATƏT-in Minsk qrupu həmsədrlərinin dövlət başçıları səviyyəsində 10 iyul 2009-cu il Akvil və 26 iyun 2010-cu il tarixli Muskokada verdikləri bəyanatları xatırlatmaq kifayətdir. Həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verilmiş bu bəyanatlarında Helsinki Yekun Aktı əsasında hazırlanmış elementlərə görə münaqişənin həllində ilkin addım kimi Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş ərazilərin geri qaytarılması nəzərdə tutulub. Münaqişənin mərhələli həllini nəzərdə tutan yenilənmiş Madrid prinsiplərinin də birinci bəndi bundan ibarətdir. Prezidentlərin Sankt-Peterburq görüşünün və hal-hazırda danışıqlar masasında olan sənədin də mahiyyəti budur. Ünvanlı şəkildə Ermənistandan öz qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması tələb olunsa da, Ermənistan hələ də buna məhəl qoymur və Minsk qrupu həmsədrlərinin dövlət başçısı səviyyəsində olan bəyanatlarını da təhrif etməkdən çəkinmir.

- Ermənistan XİN rəhbəri Moskva görüşündə hazırda danışıqlar masasında olan təkliflər üzrə substantiv danışıqlar aparılmadığını deyib.

- Ermənistan tərəfinin substantiv danışıqlar ifadəsindən xüsusi qorxusu var. ATƏT Minsk qrupunun həmsədrləri və BMT baş katibi dəfələrlə münaqişənin həlli üçün tərəfləri substantiv danışıqlara çağırsalar da, Ermənistan XİN rəhbəri hər dəfə bu ifadədən yayınmağa çalışır. Çünki substantiv danışıqlar həmsədrlərin qeyri-məqbul hesab etdikləri “status-kvo”nun dəyişdirilməsini, yəni işğal olunmuş Azərbaycan ərazilərindən Ermənistan qoşunlarının çıxarılması daxil olmaqla, kompleks tədbirləri ehtiva edir. ATƏT-in Minsk qrupunun həmsədrləri adından danışan Ermənistan XİN rəhbəri indi də Rusiya Federasiyası XİN-in adından danışmağa başlayıb. Aprelin 26-da Moskvaya nə üçün getdiyini Ermənistan XİN rəhbəri özü bilər. Onu deyə bilərik ki, həmin gün Moskvada nazirlər səviyyəsində keçirilmiş görüşdə hal-hazırda danışıqlar masasında olan təkliflər müzakirə olunub. Ermənistan XİN rəhbərinin üç ölkənin nazirinin Moskva görüşündə yalnız bir neçə cümlədən ibarət press-reliz hazırlamaqla məşğul olduğunu deməsi özünü gülüş yerinə qoymaqdır.

Ermənistan XİN-in bu kimi qeyri-ciddi və lazımsız açıqlamalarla danışıqlar prosesinə xələl gətirir. Bunun əvəzinə Ermənistan tərəfinin hal-hazırda danışıqlar masasında olan sənəd üzrə substantiv danışıqlarda konstruktiv iştirak etməsi münaqişənin həllinə və regionda davamlı sülhün təmin olunmasına xidmət edərdi.