İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Azərbaycan XİN: Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

Azərbaycan XİN: Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət Ermənistanın üzərinə düşür

17.06.2017

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev cəbhə xəttində vəziyyətin gərginləşməsini şərh edib.

H. Hacıyev APA-ya bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Azərbaycana planlaşdırılan səfəri ərəfəsində Azərbaycan Müdafiə Nazirliyinin məlumat verdiyi kimi Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs ağır silahlardan intensiv şəkildə pozulur, təxribat əməliyyatları törədilir. Ermənistanın törətdiyi təxribatların qarşısını alarkən Azərbaycan Silahlı Qüvvələri itki verib.

15 iyun tarixindən etibarən cəbhədə vəziyyətin inkişaf xronikası açıq şəkildə göstərir atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarı məhz Ermənistan tərəfidir. Bununla Ermənistanın atəşkəsin birinci kimin tərəfindən pozulması barəsində mifik propaqanda iddiaları növbəti dəfə tamamilə alt-üt olur.

"ATƏT-in Minsk Qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib.

Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir.  Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatları və hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir.

Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür" - deyə, o əlavə edib.