İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Səməd Seyidov: “Ermənilərin Füzulidə törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”

Səməd Seyidov: “Ermənilərin Füzulidə törətdikləri vəhşiliklə bağlı məsələ AŞPA-da qaldırılacaq”

05.07.2017

İyulun 4-də axşam saatlarında Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın Füzulirayonunun Alxanlı kəndində dinc sakinləri artilleriya atəşinə tutması faktı ilə bağlı bir sıra beynəlxalq təşkilatlara, o cümlədən Avropa Şurasına müraciət olunacaq.

Bu barədə APA-ya açıqlamasında Milli Məclisin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

O qeyd edib ki, məsələ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti sessiyasında müzakirəyə çıxarılacaq.

S. Seyidovun sözlərinə görə, ötən gecə erməni silahlıları tərəfindən yaşlı qadının və körpə uşağın ölümü ilə nəticələnən hadisə hətta müharibə qanunlarına sığmayan insanlıq əleyhinə cinayətdir: “Təbii ki, Avropa Şurası, o cümlədən digər beynəlxalq təşkilatlar buna qiymət verməlidir. Biz səlahiyyətlərimizin imkan verdiyi bütün beynəlxalq təşkilatlara faktlar, fotolar təqdim etməklə hüquqi qiymət verilməsini tələb edəcəyik. Bu dəhşətli faktı artıq ermənilər ört basdır edə bilməyəcəklər. O yaşlı xanımın və körpənin qanı yerdə qalmayacaq”.

S. Seyidov onu da qeyd edib ki, AŞPA-nın növbəti sessiyasında onsuzda xeyli məsələlər Azərbaycanla bağlıdır və bu hadisə də həmin məsələlər arasında geniş yer tutacaq: “Bütün iclaslarda bu məsələ qaldırılacaq”.

Qeyd edək ki, iyulun 4-də saat 20:40 radələrində Ermənistan silahlı qüvvələri tərəfindən Füzuli rayonunun Alxanlı kəndi 82 və 120 millimetrlik minaatanlardan və dəzgahlı qumbaraatanlardan atəşə tutulub. Ermənistan tərəfinin bu təxribatı nəticəsində kənd sakinləri - 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olublar. Atəş nəticəsində qəlpə yarası alan 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı xəstəxanaya çatdırılaraq əməliyyat olunub.