İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Bahar Muradova: Bütün ölkələrin parlament dostluq qrupları erməni təxribatı ilə bağlı məlumatlandırılır

Bahar Muradova: Bütün ölkələrin parlament dostluq qrupları erməni təxribatı ilə bağlı məlumatlandırılır

11.07.2017

Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, Milli Məclisin sədr müavini Bahar Muradova Füzulidə ermənilərin törətdiyi son təxribatla əlaqədar ATƏT Parlament Assambleyasının sədri Kristina Muttonenə müraciət ünvanlayıb.

Trend-in məlumatına görə, bunu B.Muradova bu gün keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, məktuba müvafiq sənədlər və şəkillər əlavə edilib.

B.Muradova bildirib ki, müraciətdə ATƏT PA-nın münaqişəni daim diqqətdə saxlaması, öz nümayəndəsi vasitəsilə bu məsələni daha ciddi dəyərləndirməsi, belə təxribatların baş verməməsi üçün zəruri addımlar atmasının vacibliyi vurğulanıb.

Vitse-spiker əlavə edib ki, bütün ölkələrin parlament dostluq qruplarına belə müraciətlər təqdim edilir və məlumatlandırma davam edir:

“Mülki şəxslərə qarşı yönəlmiş belə qəsdlər, təxribatlar nəinki pislənməlidir, onların aradan qaldırılması, Ermənistan qoşunlarının təmas xəttindəki təxribatlarına son qoyulması və məsələnin həlli ilə bağlı aidiyyəti qurumların addımlar atması təmin edilməlidir”.

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.