İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib

Soçidə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin birgə görüşü keçirilib

10.08.2014

Bu gün Soçi şəhərindəki “Boçarov Ruçey” iqamətgahında Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Vladimir Putin və Serj Sarkisyanın birgə görüşü keçirilib.

APA-nın xəbərinə görə, görüşün detalları barədə geniş məlumat açıqlanmayıb.

Kremlin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin hər iki prezidentə Rusiyada görüşdükləri üçün təşəkkürünü bildirib. O deyib ki, prezidentlərlə təkbətək və daha sonra qeyri-rəsmi görüşlərində ikitərəfli münasibətlərin inkişafı ilə bağlı müzakirələr aparıb.

V. Putin qeyd edib ki, Dağlıq Qarabağ probleminin nizamlanması üzrə beynəlxalq formatı qəbul edirlər və bu format daxilində tərəfdaşlarla əməkdaşlığa davam edəcəklər. Amma o, belə bir formatda da müzakirə aparılmasını faydalı hesab etdiyini bildirib.

Azərbaycan prezidenti İlham Əliyev də görüşə görə təşəkkürünü bildirib və qeyd edib ki, V. Putinlə görüşdə də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirə aparılıb: “Bu münaqişə həllini tapmalıdır. Dünən də qeyd etdiyimiz kimi, münaqişənin həlli xeyli uzandı. Ümid edirəm ki, Sizin bu prosesdə şəxsən iştirakınız danışıqlar prosesinə təkan verəcək”.

Prezident İlham Əliyev bildirib ki, münaqişənin həlli üçün danışıqlar formatı, hüquqi baza var: “BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazisindən erməni işğalçı qüvvələrinin dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib. Təəssüf ki, 20 ildən çoxdur bu qətnamələr kağız üzərində qalıb”.

Prezident ATƏT-in Minsk qrupunun bu istiqamətdə işlədiyini, tərəflərin yaxınlaşdırmağa çalışdığını, lakin bunun o qədər də uğurlu alınmadığını qeyd edib: “Ona görə də düşünürəm ki, Rusiyanın yaxın dost, tərəfdaş və qonşu ölkə kimi bu nizamlanma prosesində xüsusi rolu var. Ümid edirik ki, yaxın vaxtlarda danışıqlar, sülh yolu ilə münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində ədalətli nizamlanmasına nail olacağıq”.

Ermənistan prezidenti Serj Sarkisyan da V. Putinə təşəkkür edərək, indiki mürəkkəb vəziyyətdə onun münaqişənin nizamlanmasına diqqət və vaxt ayırmasını yüksək qiymətləndiklərini bildirib.

S. Sarkisyan deyib ki, münaqişənin həlli mümkündür və problem kompromis, ATƏT-in Minsk qrupunun təklif etdiyi prinsiplər əsasında həll olunmalıdır.

Daha sonra çıxış edən V. Putin Azərbaycan və Ermənistan prezidentinin münaqişənin sülh yolu ilə nizamlanmasının vacibliyi barədə dediklərinə diqqət çəkərək, bundan məmnuniyyət duyduğunu dilə gətirib.

“Həqiqətən də əsas məsələ budur. İnsanların ölməsindən böyük faciə ola bilməz. Qeyd etmək lazımdır bu münaqişə bizə Sovet İttifaqından miras qalıb və biz problemin həllini tapmaq üçün səbr, müdriklik və qarşılıqlı hörmət nümayiş etdirməliyik.

Sözsüz ki, xoş niyyət varsa, istənilən mürəkkəb vəziyyətdən çıxış yolu tapmaq mümkündür. Mən belə gəlir ki, həm Azərbaycan, həm də erməni xalqlarının belə niyyəti var”.

Sonra görüş mətbuat işçilərinin iştirakı olmadan davam etdirilib.