İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: Boliviya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

Nazir: Boliviya Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəkləyir

18.08.2017

Boliviyanın xarici işlər naziri Fernando Uanakuni Mamani Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Artur Rasi-zadə tərəfindən qəbul edilib.

Azərbaycan Xarici İşlər Nazirliyinin və Nazirlər Kabinetindən Trend-ə daxil olan birgə məlumata görə, görüşdə F.U.Mamani Boliviya Çoxmillətli Dövlətinin Prezidenti Evo Morales Ayma tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə ünvanlanmış, 20-24 noyabr 2017-ci il tarixində Boliviyada keçiriləcək Qaz İxrac Edən Dövlətlərin Forumunun IV Qaz Sammitində iştiraka dəvət məktubunu təqdim edib.

Nazir Fəxri xiyabanı ziyarət edərək, ümummilli lider Heydər Əliyevin məzarının önünə əklil qoyub. Həmçinin Şəhidlər xiyabanını ziyarət edən F.U.Mamani şəhidlərimizin xatirəsini ehtiramla anaraq, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Səfər çərçivəsində xarici işlər nazirləri Elmar Məmmədyarov və F.U.Mamani arasında təkbətək və geniş tərkibli görüş keçirilib.

Nazirlər Azərbaycan və Boliviya arasında dostluq əlaqələrinin və əməkdaşlığın genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini qeyd ediblər və bu xüsusda Boliviyanın xarici işlər nazirinin Azərbaycana ilk rəsmi səfərinin önəmini vurğulayıblar. Görüşdə nazirlər ikitərəfli münasibətlərin hazırkı səviyyəsini nəzərdən keçirib və enerji, iqtisadiyyat, ticarət, kənd təsərrüfatı, dağ-mədən sənayesi, təhsil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanların olduğunu bildiriblər. Humanitar sahədə tələbə və elm adamlarının mübadiləsi xüsusilə qeyd edilib.

Nazirlər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edərək, BMT-nin İqtisadi və Sosial Şurasının 2017-2019-cu illərdə üzvlüyünə Azərbaycanın, BMT-nin İnsan Hüquqları Şurasının 2015-2017-ci illər üçün üzvlüyünə isə Boliviyanın namizədliyinin dəstəklənməsini qeyd ediblər və qarşılıqlı təşəkkür ifadə ediblər. Nazirlər həmçinin, iki ölkə arasında Qoşulmamaq Hərəkatı çərçivəsində məhsuldar əməkdaşlığın olduğunu xatırladıb və Azərbaycanın Qoşulmama Hərəkatı Dövlətlərinin dövlət və ya hökumət başçılarının XIII Sammitinə ev sahibliyi etməsi və 2019-2022-ci illərdə bu quruma sədrlik etməsinin Qoşulmama Hərəkatının xoşniyyətli məqsəd və məramlarının təşviqinə töhfə verəcəyinə əminlik ifadə ediblər.

Nazirlər Azərbaycan və Boliuviyanın bir-birilərinin siyasi müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmət və dəstəyi bir daha bəyan ediblər. Həmçinin dövlətlərin daxili işlərinə müdaxilənin yolverilməz olduğunu qeyd edib, aqressiv separatizm və terrorizmin bütün forma və təzahürlərini sərt şəkildə qınadıqlarını diqqətə çatdırıblar.

Görüşdə, həmçinin XİN rəhbərləri iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinə dair fikir mübadiləsi aparıb və parlamentlərarası əməkdaşlığın təşviqinə dair razılığa gəliblər.

Nazirlər “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında Saziş”i imzalayıblar.