İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Əli Həsənov: “Azərbaycandakı məcburi köçkünlərə beynəlxalq humanitar yardımın azaldılması anlaşılan deyil”

Əli Həsənov: “Azərbaycandakı məcburi köçkünlərə beynəlxalq humanitar yardımın azaldılması anlaşılan deyil”

03.10.2017

“Azərbaycan uzun müddətdir ki, münaqişənin ədalətli və sülh yolu ilə həllini istəyir və hələ də 640 mindən çox məcburi köçkünə yardım göstərir. Onların didərginlik probleminin həlli, yəni sülh və təhlükəsiz şəraitdə yurd-yuvalarına qayıtmaları Azərbaycan hökumətinin birinci prioriteti olaraq qalır”.

APA-nın məlumatına görə, bunu İsveçrənin Cenevrə şəhərində BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 68-ci sessiyasında çıxış edən baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov bildirib ki, Azərbaycanda qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli üçün son 20 ildə təxminən 6 milyard dollar vəsait xərclənib: “Bununla belə, düşünürük ki, məcburi köçkünlərlə bağlı humanitar vəziyyətin ağırlığı milli səylərə beynəlxalq dəstəyi vacib edir. Hazırda 400 min nəfər məcburi köçkün hələ də köhnə və əlverişsiz yerlərdə çətin vəziyyətdə yaşayır. Buna görə də Azərbaycandakı məcburi köçkünlərə beynəlxalq humanitar yardımın tədricən azaldığını müşahidə etmək bizim üçün anlaşılan deyil. Hesab edirik ki, BMT QAK ölkəmizdə məcburi köçkünlərlə bağlı məsələlərə beynəlxalq diqqətin cəlb edilməsində mühüm hərəkətverici qüvvə rolunu oynaya bilər. Məcburi köçkünlərin insan hüquqlarının tam bərpası bu münaqişənin həllindən bilavasitə asılıdır və bu məsələdə BMT-nin və onun insan hüquqları mexanizmlərinin işi gücləndirilməlidir. Azərbaycanın bu məsələdə mövqeyi birmənalı və tam şəffafdır: Azərbaycanın işğal altında olan bütün əraziləri azad edilməli və məcburi köçkünlərin öz doğma torpaqlarına və mülklərinə qayıtmaq hüququ təmin edilməlidir.”.

Baş nazirin müavini qeyd edib ki, Ermənistan müəyyən donor ölkələrin və beynəlxalq qurumların maliyyə yardımından sui-istifadə edərək erməni əsilli suriyalıların və digərlərinin Azərbaycanın işğal olunmuş torpaqlarında qanunsuz olaraq zorla məskunlaşmasını təşviq edir: “Azərbaycanın işğal olunmuş ərazilərində narkotik əkilib becərilir, xüsusi laboratoriyalarda emal edilir, erməni hərbçiləri və narkomafiyaları tərəfindən Avropaya və dünyanın digər bölgələrinə göndərilir. Bu ərazilər həmçinin əfqan narkotiki üçün yeni tranzit marşrutuna çevrilib. Buna görə də dünya birliyi bu münaqişənin ədalətli həlli istiqamətində daha qətiyyətli və ardıcıl mövqe nümayiş etdirməli və Ermənistanı sülh sazişi üzərində işə başlamağa vadar etməlidir. Problemin həllinə əsas maneə Ermənistanın qeyri-konstruktiv mövqe tutması, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının qətnamələrinə hörmətsizlik göstərməsidir. Buna görə də problemin sülh yolu ilə həllinə çalışan ATƏT-ni Minsk Qrupunun uzunmüddətli fəaliyyəti nəticəsiz qalır”.