İşğal faktı rəqəmlərdə
Dağlıq Qarabağ: işğal tarixi - 1988-1992-ci illər, ərazisi - 4400 kv.km; Şuşa rayonu: işğal tarixi - 8 may 1992-ci il, ərazisi - 289 kv.km; Laçın rayonu: işğal tarixi - 18 may 1992-ci il, ərazisi - 1840 kv.km; Kəlbəcər rayonu: işğal tarixi - 2 aprel 1993-cü il, ərazisi - 3054 kv.km; Ağdam rayonu: işğal tarixi - 23 iyul 1993-cü il, ərazisi - 1150 kv.km; Cəbrayıl rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1050 kv.km; Füzuli rayonu: işğal tarixi - 23 avqust 1993-cü il, ərazisi - 1390 kv.km; Qubadlı rayonu: işğal tarixi - 31 avqust 1993-cü il, ərazisi - 802 kv.km; Zəngilan rayonu: işğal tarixi - 29 oktyabr 1993-cü il, ərazisi - 707 kv.km.

Nazir: “Ermənistan AŞ-yə qəbul olunarkən Qarabağla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”

Nazir: “Ermənistan AŞ-yə qəbul olunarkən Qarabağla bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyib”

04.10.2017

Xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Azərbaycana yeni təyin olunmuş nümayəndəsi, səfir Zoltan Hernyesi qəbul edib.

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov Z. Hernyesi Avropa Şurasının Azərbaycana nümayəndəsi təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə “Avropa Şurası - Azərbaycan Fəaliyyət Planı”nın həyata keçirilməsi və praktiki layihələrin icrası məsələlərinə dair fikir mübadiləsi aparılıb, Azərbaycanın Avropa Şurası Parlament Assambleyası və müvafiq monitorinq komitələri ilə yaxından əməkdaşlıq etdiyi qeyd olunub.

Görüş əsnasında E. Məmmədyarov Ermənistanın Avropa Şurasına üzv qəbul edilərkən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair öhdəliyinin yerinə yetirilmədiyini xatırladıb. Həmçinin nazir “Çıraqov və digərləri Ermənistana qarşı” işinə diqqət çəkərək Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatasının müvafiq hökmünün təmin edilməməsinə toxunub.

Səfir Z. Hernyes isə diplomatik fəaliyyəti müddətində Azərbaycan və Avropa Şurası arasında ikitərəfli əlaqələrin inkişafı üçün səylərini əsirgəməcəyini bildirib.

Görüşdə tərəflər arasında qarşılıqlı maraq kəsb edən mövzular ətrafında fikir mübadiləsi aparılıb.